Xədicə İsmayıldan bəraət aldığı ittihama görə pul tələb olunur

Xədicə İsmayıldan bəraət aldığı ittihama görə pul tələb olunur

21-10-2018 17:37 / Bu xəbər 1332 dəfə oxundu

Vergilər Nazirliyi eyni iddianı Azadlıq Radiosuna qarşı da sürüb

Araşdırmaçı jurnalist Xədicə İsmayıl həbs olunarkən ona qarşı irəli sürülən ittiham maddələrindən biri də Cinayət Məcəlləsinin 178.3.2 (mənimsəmə və ya israf etmə, külli miqdarda ziyan vurmaqla) maddəsi idi. İttihama görə, X.İsmayıl 2008-2010-cu illərdə Azadlıq radiosunun Bakı bürosunun rəhbəri olduğu zaman işçilərlə əmək müqaviləsi yox, xidməti müqavilə bağlayıb. Nəticə etibarilə işçilər xidməti müqavilə üzrə 4 faiz vergi ödəyiblər. Əmək müqaviləsi olsaydı, əməkhaqqının 14 faizini ödəyəcəkdilər. İddia edilir ki, X.İsmayıl bununla 10 faizlik fərqin, yəni 17 min 992 manatın israf edilməsinə şərait yaradıb.

Ali Məhkəmə 2016-cı ilin mayında X.İsmayılın şikayətinə baxıb, onu şərti azadlığa buraxanda bu ittihama da xitam vermişdi. Lakin Vergilər Nazirliyi hələ də X.İsmayıldan bəraət aldığı ittihama görə pulu tələb edir.

1 saylı İnzibati İqtisadi Məhkəmədə Vergilər Nazirliyinin X.İsmayıla qarşı 63 min manatlıq iddiasına baxılır. Bu pulun 17 min 992 manatı israfetmə, qalan 45 mini isə Azadlıq Radiosunun ödəmədiyi iddia olunan mənfəət vergisidir. İddianın təmini tədbiri kimi isə Vergilər Nazirliyi jurnalistin bank hesabının üzərinə həbs qoydurub.

X.İsmayılın nümayəndəsi Yalçın İmanov Meydan TV-yə bildirib ki, artıq 11 aydır hesabın üzərində həbs var, jurnalistlə Vergilər Nazirliyi arasında məhkəmə də uzadılır. Bu iddia üzrə sonuncu məhkəmə iclası oktyabrın 18-də keçirilib.

Baxmayaraq ki, X.İsmayıla 17 min 992 manatlıq israfetmə ittihamı üzrə bəraət verən Ali Məhkəmənin qərarı ortadadır, jurnalist onu vergi iddiasına baxan hakimə də təqdim edib, yenə də Vergilər Nazirliyinin nümayəndəsi məhkəmədə vəsatət qaldırıb ki, bu məsələnin dəqiqləşməsi üçün Ali Məhkəməyə sorğu göndərilsin, sənədlər tələb olunsun.

Y.İmanov deyir ki, o da, jurnalistin özü də vəsatətə etiraz edib. Hakim Aidə Hüseyn də iddiaçı tərəfin vəsatətini təmin etməyib ki, ortada Ali Məhkəmənin qərarı var.

X.İsmayıl və nümayəndəsi prosesin bir ilə yaxındır uzandığını və nəticədə jurnalistin öz hesabındakı vəsaitdən zəruri hallarda istifadə edə bilmədiyini əsas gətirərək, bank hesabı üzərindən həbsin götürülməsi barədə vəsatət qaldırıb.

Jurnalist daha bir vəsatətində məhkəmədən xahiş edib ki, ondan tələb olunan 63 min manatın necə müəyyənləşdirildiyi araşdırılsın. Vəkil deyir ki, X.İsmayıl

2008-ci ilin ikinci yarısında büro rəhbəri kimi fəaliyyət göstərib, 2010-cu il oktyabrın 1-nə qədər. Lakin ondan həmin illərin bütün 12 ayı üzrə mənfəət vergisi tələb olunur: "Hələ mən o tərəfini demirəm ki, Azadlıq Radiosu mənfəət vergisindən azaddır, çünki kommersiya təşkilatı deyil. Üstəlik, Vergilər Nazirliyi Xədicə İsmayıldan tələb elədiyi pulu Azadlıq Radiosundan da tələb edir. Radioya qarşı da eyni tələblə iddia qaldırılıb. Lakin prokurorluqda radio ilə bağlı istintaq araşdırmalarının davam etməsi əsasıyla məhkəmə prosesi dayandırılıb".

Məhkəmə prosesi oktyabrın 23-də davam edəcək.