Xırdaoymaqdakı ''hörümçək torları'' ölüm saçır

Xırdaoymaqdakı ''hörümçək torları'' ölüm saçır

14-05-2018 17:07 / Bu xəbər 2237 dəfə oxundu

Kənd sakini: ''Məktəbə gedən uşaqlar naqillərin üstündən hoppanıb o tərəfə keçirlər, bu tərəfə keçirlər''

"Külək əsəndə bu dirəklər ağacların, hasarların üstünə aşır, köhnə naqillər budaqlara dolaşır, ayaq altına sərilir”.

Şabranın Xırdaoymaq kəndinin sakinləri Meydan TV-yə danışırlar ki, kənddəki işıq dirəklərinin və kabellərin qəzalı olması burada yaşayanları ölümlə üz-üzə qoyub.

Bel sapından ''dirək''

Kənddəki işıq dirəkləri və kabellər Sovet vaxtından qalıb. Küləyin yıxdığı dirəklərin yerinə sonradan kəndlilər kabelləri dolamaq üçün özləri bel sapından, nazik ağaclardan "dirək”lər düzəldib basdırıblar. Uzun illərdir ki, sakinlər hökumətdən kənddə dirək və kabellərin yenilənməsini tələb edir. Kənd sakini:

"Kəndimizə çox laqeyd yanaşırlar. Kabellər o qədər aşağıdan gedir ki, əllə toxunmaq mümkündür. Məscidin qabağındakı dirək aşmışdı, işıq idarəsi əl də vurmadı, özümüz qaldırıb qoyduq yerinə, ətrafına da yeşik taxtaları dayadıq ki, aşmasın. Dirəyin üstü hörümçək yuvasına oxşayır. Kabellər bir-birinə dolaşıb. Təzə məktəb tikiblər, ətrafındakı qəzalı kabellər əl-ayağa dolaşır. Hamısından da yüksək gərginlik keçir. Kolların arasıyla gedirsən, bir də baxırsan ki, çürük, ancaq yüksək gərginlikli kabellər ayağına dolaşır. Evlərin üstüylə gedən kabellər şiferlərin mismarlarına dolaşıb, yağış yağanda qığılcımlar saçır”.

Qığılcımdan faciə...

Bu qığılcımlardan evi alışanlar da var. Məsələn, Azad Alışov 2 ildir ki, eyni səbəb üzündən ev-eşiyini itirdiyini deyir:

"Ev tikdirməmişdən əvvəl hər yerə müraciət elədim ki, torpağımın yaxınlığındakı kabelləri, dirəkləri yeniləsinlər, veclərinə olmadı, ortada ikimərtəbəli evim yandı, üç uşağı çadırda böyüdürəm”.


Deyirlər ki, bu kənddə vaxtaşırı mal-heyvan yüksək gərginlikli kabellərə dolaşaraq tələf olur. Sakinlərin sözlərinə görə, dirəklərin və kabellərin yenilənməsi üçün yerli işıq idarəsinə və icra hakimiyyətinə müraciət etsələr də, fayda görməyiblər.

"Gedirik işıq idarəsinə, deyirlər, ərizəni at o poçt qutusuna, get, tədbir görərik. Yazırıq, atırıq poçt qutusuna, çıxıb gəlirik. Nə səs var, nə səmir... Növbəti dəfə gedirik, yenə eyni sözlər... Nəvələrim həyətdə oynayır, kabellər o qədər aşağıdan gedir ki, gözümüz uşaqların üstündə qalır, birdən toxunarlar, külə dönərlər. Bu yaxınlarda inəyimi cərəyan vurdu, öldü”- A.Alışov deyir.

Məişət əşyaları sıradan çıxır

"O gün külək oldu, tok qırılıb düşdü yerə, evlər günlərlə işıqsız qaldı, tok hələ də yerdədir, məktəbə gedən uşaqlar üstündən hoppanıb o tərəfə keçirlər, bu tərəfə keçirlər. Elə yerlər var ki, yüksək gərginlikli naqillər "lapatka” sapına birləşdirilib”- sakin deyir.

Kəndin elektrik tənzimləyicisi də qəzalı vəziyyətdədir. Tranformatorun yenilənməməsi üzündən mənzillərdə elektriklə işləyən məişət əşyaları tez-tez xarab olur. Sakinlər deyir, kənddə elə ev tapmazsan ki, o evdə ən azı bir dəfə soyuducu, yaxud televizor, kondisioner, paltaryuyan xarab olmasın.

İşıq idarəsi: "Kabelləşmə aparılacaq”

Şabran Rayon İşıq İdarəsindən Meydan TV-yə bildirilib ki, elektrik dirəklərinin və naqillərin yenilənməsi ilə bağlı kəndlərdə iş aparılır. Qəzalı vəziyyətdə olan dirəklərlə bağlı müraciət olunanda həmin dirəklərin və kabellərin təhlükəliliyi nəzərə alınaraq həmin ərazilərdə işlər növbədənkənar həyata keçirilir:

"Xırdaoymaqda olmuşuq, vəziyyətə nəzarət edirik, yaxın vaxlarda orada kabelləşmə işləri aparılacaq, sakinlərin narahatçılığına son qoyulacaq”.