"YAP nizamnaməyə əməl etmədi" - Hüquqşünas

09-02-2018 12:37 / Bu xəbər 2126 dəfə oxundu

Fevralın 8-də YAP növbəti 6-cı qurultayını keçirib. 

Qurultayda hazırkı prezident İlham Əliyevin namizədliyi irəli sürülüb. 

Bu məsələ sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib. 

Hüquqşünas Ələsgər Məmmədli öz "Facebook” səhifəsində  bu qurultayın keçiriləsi ilə bağlı bir sıra məqamlara diqqət çəkib. 

"YAP-ın nizamnaməsinə əsasən (V. MADDƏ 2. Partiyanın ali orqanı dörd ildən bir çağırılan qurultaydır. Zəruri hallarda Siyasi Şuranın və ya partiya üzvlərinin üçdə birinin tələbi ilə növbədənkənar qurultay çağırıla bilər), onun qurultayı 4 ildən bir çağırılmalıdır. Son qurultay 5 il öncə, 2013-cü ilin iyun ayının 7-də keçirilib. Yəni nizamnaməsindəki 4 il müddətinə əməl olunmayıb. Görəsən, Ədliyyə Nazirliyinin reaksiyası olacaqmı? Axı Ədliyyə Nazirliyi digər partiyalara qanuna ciddi əməl etmək zəruriliyini sistemli şəkildə təlqin edir”, - o qeyd edib. 

Hüquqşünas qurultayın vaxtının zamanlanması məsələsinə də toxunub: "YAP-ın nizamnaməsinə görə, bu, azı bir ay öncə qərarlaşdırılmalı və elan olunmalıdır (V. MADDƏ 2. Qurultayın çağırılma müddəti, nümayəndəlik norması və gündəliyi qurultayın başlamasından azı bir ay əvvəl Siyasi Şura tərəfindən elan edilir). Siyasi Partiyalar haqqında Qanunun da tələbi qurultayın keçirilməsinə dair informasiyaların öncədən elan olunması və nizamnaməyə uyğun keçirilməsidir”. 

Ə.Məmmədli deyir ki, o, internet üzərində axtarış etsə də, qurultayın yanvar ayının 9-dan öncə keçiriləcəyinə dair hər hansı informasiya ilə rastlaşmayıb.
 
Deputat: "Ədliyyə Nazirliyi bu işlərə qarışmır"

Məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyasının icra katibi Aydın Mirzəzadə Toplum Tv-yə deyib ki, Yeni Azərbaycan Partiyası paralel şəkildə həm qurultaya, həm də seçkiyə hazırlaşırdı: "Yəni partiyamızın hazırlığı onsuz da var idi. Qısa zamanda qurultayın keçirilməsi bizim üçün texniki məsələ idi. Təşkilatlarımız konfranslarını keçirmişdilər. Onlar qarşıdan qurultayın gəldiyini bilirdilər və hazır idilər”. 

Onun sözlərinə görə, mərkəzi aparat qurultayla bağlı müvafiq hazırlığını görmüşdü: "Partiyamız artıq 26 ildir fəaliyyət göstərir. 26 ildə bizim kifayət qədər həm təşkilati, həm də siyasi təcrübəmiz toplanıb”. 

Deputat gecikmə ilə bağlı Ədliyyə Nazirliyinə məlumat verməyə ehtiyac olmadığını deyib: "Ancaq nizamnamə və proqramda dəyişiklik ediləndə xəbər verilir”.

Ədliyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, bir neçə operatora yönəltdilər. Lakin heç cür sualımıza cavab verə biləcək şəxslə əlaqə saxlamaq mümkün olmadı.

Gülzar N. Məmmədli