Yardımlıda meşəni kim(lər) yandırdı? - VİDEO

Yardımlıda meşəni kim(lər) yandırdı? - VİDEO

03-08-2018 16:09 / Bu xəbər 2303 dəfə oxundu

"Meşələrin İnkişafı Departamentinin əməkdaşları dəhşətə gəliblər"
 
Nazir müavini: "Azərbaycanda meşə və çöl ərazilərində yanğının səbəblərinin 97 faizi insan faktoru ilə bağlıdır".

İyulun 5-də Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin nəzarətində olan Masallı-Yardımlı-Cəlilabad meşə massivində baş verən yanğının səbəbləri məlum olub. Bu barədə xeber.infoya etibarlı mənbə məlumat verib. 

Məlumatda bildirilir ki, yanğın məqsədli törədilib və yerli qurumlar bu olayı gizlətməklə məşğuldurlar. Hətta bu barədə Ekologiya naziri Muxtar Babayevə də yanlış məlumat verilir: "Yanğın Yardımlı rayonunun Şıxlar kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidəki meşə zolağında başlamış və Masallı-Cəlilabad rayonları ilə sərhəd meşə zolaqlarına qədər davam edib. Nəticədə böyük bir meşə massivi sıradan çıxıb". 

Hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidməti rəsmi açıqlama yayıb. 

Rəsmi məlumata görə, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Yardımlı rayonu sahəsində baş verən yanğının söndürülməsinə cəlb olunan Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, yerli icra hakimiyyəti nümayəndələrinin və rayon sakinlərinin fədakarlığı nəticəsində bu gün yanğın lokallaşdırılıb. Məlumatda deyilir ki, Yardımlı rayonunun Şıxlar kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidəki meşə zolağında başlamış yanğının söndürülməsi istqamətində işlər isə Cəlilabad rayonunun Fətullaqışlaq kəndi istiqamətindən də başlanılıb. "Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev 5 iyul tarixindən yanğın baş verən ərazidə nazirliyin yanğına qarşı səfərbər olunan qüvvələrinə rəhbərlik edir”, - deyə nazirliyin məlumatında bildirilib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yaydığı məlumata görə isə yanğının söndürüməsi üçün ərziyə FHN-nin 100 nəfər canlı qüvvəsi, 3 ədəd yanğınsöndürmə texnikası, Aviasiya dəstəsinin "BE 200 ÇS” amfibiya təyyarəsi, "Mi-17” yanğınsöndürmə helikopteri, ETSN-nin Meşə Təsərrüfatı İdarəsinin 180 nəfər əməkdaşı, 60 nəfər yerli əhali cəlb olunub. 

Yanğının hansı səbəbdən baş verməsi tam açıqlanmasa da, ETSN-nin yerli şöbəsindən bildirilib ki, hadisə naməlum şəxs tərəfindən ehtiyatsızlıq üzündən baş verib. Amma hansısa səbəbdən detallar tam açıqlanmayıb. Mənbənin xeber.info-ya verdiyi ilginc məlumata görə isə hadisədə ETSN-in Meşələrin İnkişafı Departamentinin direktor əvəzi Söhrab Abbasov da günahı var: "Yanğının söndürülməsinə Meşələrin İnkişafı Departamentinin əməkdaşları da cəlb olunub. Departamentin direktor əvəzi Söhrab Abbasov da şəxsən hadisə yerinə gəlib. O, nazirliyə hadisə ilə bağlı açıqlama verərkən deyib ki, yanğını naməlum şəxs ehtiyatsızlıq üzündən törədib. Amma yanğınn söndürülməsində iştirak edən şəxslər başqa söz deyirlər. Hətta bu məsələ artıq Masallı və Yardımlı rayonlarında da geniş müzakirə olunur. Belə ki, ekologiya naziri may ayında geniş iclas keçirərək Meşələrin İnkişafı Departamentinin tabeliyində olan müəssisələri birləşdirərək regional meşə təsərrüfatları yaradılmasını tapşırıb. Departamentinin direktor əvəzi Söhrab Abbasov da bu vəziyyətdən məharətlə istifadə etməyə çalışır. O, bir neçə müəssisənin rəhbərinə deyib ki, sizi regional mərkəzə gətirəcəyəm. Regional mərkəzə gətirdiyi direktorlardan biri də Yardımı Meşə Mühafizəsi və Bərpasının direktoru Füzuli Bəgişovdur. Nazirliyin tapşırığına görə direktorlar test imtahanından keçməli və yüksək bal toplayanlar vəzifəyə təyin edilməlidir. 

Deyilənə görə, Söhrab Abbasov imtahana salınmış testlərin cavablarını qabaqcadan Füzuli Bəgişova verib. Bunun müqabilində isə ondan yüksək məbləğdə "haqq" tələb edib. O da böyük bir ərazidə ağacları kəsdirib ki, bu "haqqı" ödəyə bilsin. Meşədəki yanğın da məhz qanunsuz kəsilmiş ağacları ört-basdır etmək üçün törədilib. Qanunsuzluq izaholunmaz həddədir. Heç kəs bu biabrıçılığa son vermir. Təsəvvür edin ki, yanğının söndürülməsində iştirak edən Meşələrin İnkişafı Departamentinin əməkdaşları bu qanunsuzluqdan dəhşətə gəlibmişər. Onlar Söhrab Abbasova bu vəziyyəti danışanda o deyib ki, "nə danışırsınız, mən 3 gündür meşələri gəzirəm, 1 kötüklə rastlaşmamışam, bir ağac kəsilməyib". "Çox maraqlıdır ki, Söhrab Abbasov 6-7 gün həmin ərazidə oldu, ancaq yoxlama aparmadı. Amma sonradan cənab nazirin tapşırığı ilə həmin ərazi yoxlanılaraq, külli miqdarda ağacın qanunsuz kəsilməsi aşkarlandı. Əminik ki, nazir bu durumdan məlumatlı deyil. Amma başqa əlacımız yoxdur. Artıq sakinlər özləri də meşələrdə kəsilən ağacların kötüklərinin şəklini çəkiblər, oraya texnikanın necə getdiyini qeyd ediblər. Bütün bunları da nazirliyə təqdim edəcəklər. Çünki cənab nazir bu durumu bilsə, Söhrab Abbasovun nə işlər gördüyünü aydın görəcək", - məlumatda deyilir. 

Məsələ ilə bağlı adıçəkilən şəxslərdən və nazirlikdən münasibət öyrənmək mümkün olmayıb. ///mənbə: xeber.info

"Report" xəbər verir ki, bunu isə avqustun 3-də mətbuat konfransında Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əlizadə deyib.

O bildirib ki, Azərbaycanda meşələrin 85 faizi dağlıq, 15 faizi aran ərazilərdə yerləşir: "Meşələrin çox hissəsinin dağlıq ərazilərdə yerləşməsi səbəbindən həmin ərazilərin öz-özünə yanması çətin məsələdir".

Nazir müavini qeyd edib ki, Azərbaycan ərazisinin 12 faizi meşədir: "Yəni, ölkədə meşəlik ərazilər azdır. Bu səbəbdən də həmin meşələrə qayğı ilə yanaşmalıyıq".

F.Əlizadə qeyd edib ki, sonsuzluğa qədər bu yanğınlarla mübarizə aparmaq mümkün deyil: "Vətəndaşlarımız məsuliyyətli olmalıdırlar. Bu sərvətlər hər birimizindir".