Yaşa görə pensiyaçıların sayı azalıb

Yaşa görə pensiyaçıların sayı azalıb

10-12-2018 13:55 / Bu xəbər 902 dəfə oxundu

''Bu, son 30 ilin ən aşağı göstəricisidir''

Pensiya yaşının artırılması, həmçinin güzəştli pensiya hüququ verən şərtlərin məhdudlaşdırılması istiqamətində qanunvericilikdə edilən dəyişikliklər artıq öz nəticəsini verib.

Bu barədə "Facebook” sosial şəbəkəsindəki profilində iqtisadçı Rövşən Ağayev yazıb.

O qeyd edib ki, yaşa görə pensiya alanların ümumi sayı 1990-2000-ci illərdə 19 faiz, 2000-2010-cu illərdə 16 faiz artmışdısa, 2010-2018-ci ilərdə 9.3 faiz azalıb.

"Əgər yaşa görə pensiya alanların ümumi əhaliyə nisbəti 1990-cı ildə 8.8 faiz, 2000-ci ildə 9.2 faiz, 2010-cu ildə 9.5 faiz olmuşdusa, 2018-ci ildə 7.9 faizə enib. Yəni bu, ən azından son 30 ilin ən aşağı göstəricisidir”.

Onun sözlərinə görə, hazırda inkişaf etmiş ölkələrdə əhalinin orta hesabla 20 faizi dövlətdən yaşa görə pensiya alır: "Göründüyü kimi bizdə bu göstərici təxminən 3 dəfə aşağıdır və pensiya sisteminin dayanıqlı maliyyə bazasının qurulması baxımından çox əlverişli imkandır. Həm əhalinin daha az hissəsinin yaşa görə pensiya alması, həm də pensiyaların məbləğinin əhəmiyyətli dərəcədə aşağı olmasının nəticəsidir ki, hazırda Azərbaycanda pensiya xərclərinin ÜDM-də payı təxminən 5-6 faizdir. Bir çox inkişaf etmiş ölkələrdə isə həmin göstərici 10-15% intervalında dəyişir”.

Rövşən Ağayev

İqtisadçının fikrincə, bizim üçün əsas təhlükəli məqam odur ki, kölgə iqtisadiyyatının böyük olması hesabına 1 nəfər pensiyaçının hesabına ən yaxşı halda 1 nəfər rəsmi işləyən şəxs pensiya fonduna sığorta ödəyir, inkişaf etmiş ölkələrdə bu göstərici 3-4 nəfər təşkil edir.

"Bizdə rəsmi sığorta ödəyənlərin də xeyli hissəsinin maaşlarınin real məbləği gizlədildiyindən Fonda 1 işləyən hesabı ilə daha az vəsait ödənir...”

Azərbaycanda pensiya yaşı 2017-ci ildə artırılıb. "Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər nəticəsində qadınların və kişilərin pensiya yaşı 65-ə çatdırıldı.

Prosesin mərhələli getməsi üçün pensiya yaşı kişilər üçün 2021-ci ilədək, qadınlar üçünsə 2027-ci ilədək hər il 6 ay artırılacaq.

Bundan əvvəl pensiya yaşının artırılması ilə bağlı qərar 2009-cu ildə qəbul edilib. Qərara görə, kişilərin pensiya yaşı 2010-12-ci illərdə 62-dən - 63-ə, qadınların yaşı isə 57-dən - 60-a yüksəldildi.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev modern.az-a açıqlamasında deyib ki, bütün ölkələrdə pensiya yaşı artırılır, azaldılmır: "Avropa ölkələrində artıq 67-69-a qaldırılıb”.

Sahil Babayev

O bildirib ki, normalda pensiya müddəti 12 il olmalıdır: "Azərbaycanda qadınların həyat dövrü 78 yaşdır. Onlar 65 yaşda pensiyaya çıxdıqda 13 il pensiya ala bilirlər. Bu, normaldır. Bunu azaltmağa və ya artırmağa ehtiyac yoxdur. Pensiya məbləğinin artımı isə onunla bağlıdır ki, bu gün işləyənlər daha çox pul versinlər ki, onların pensiyası arta bilsin. Bu gün yığdığımız pul nəyə kifayət edirsə, hamısı pensiyaya yönləndirilir. Əgər işləyənlər 26 faiz yox, 50 faiz versə, pensiyalar iki dəfə artacaq”.