120 min ali təhsilli insan Azərbaycanı niyə tərk edib?

120 min ali təhsilli insan Azərbaycanı niyə tərk edib?

23-01-2018 18:37 / Bu xəbər 3573 dəfə oxundu

Natiq Cəfərli: "İnhisarçılıq, korrupsiya, iş tapmaqla bağlı problemlər..."

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib ki, Azərbaycanın 4,6 milyon əməkqabiliyyətli əhalisinin cəmi 32 faizinin ali və ya orta ixtisas təhsili var. 

Yəni iqtisadi cəhətdən fəal ölkə vətəndaşlarının cəmi 20 faizə yaxını ali təhsillidir. 

Hər iki orta məktəb məzunundan biri təhsili davam etdirməyi, ixtisas və peşə əldə etməyi lazım bilmir.

İqtisadçı Azər Mehtiyev isə deyir ki, son 10 ildə 120 minə ali təhsilli insan Azərbaycandan gedib.

Miqrasiya məlumatlarına əsaslanan iqtisadçı deyib ki, sözügedən dövr ərzində ali və ya orta-texniki təhsili olan əməkqabiliyyətli 18-65 yaş arası hər səkkiz sakindən biri respublikanı tərk edib: "25-34 yaş kateqoriyasında mənzərə daha da acınacaqlıdır: bu qrupda ali məktəb bitirən hər üç mütəxəssisdən biri ölkədən gedib”.

Ekspert qeyd edib ki, diplomlu kadrların ölkədən getməsinin əsasən iki səbəbi var. 

Birincisi, iqtisadiyyat kifayət qədər inkişaf etməyib, ali məktəb kadrlarının buraxılış tempinə yetişmir. Ölkədə, demək olar ki, tekstil, ayaqqabı sənayesi yoxdur, balıqçılıq, emal sənayesi zəif inkişaf edib.

Aqrar sahə və turizm sahəsi son bir neçə ildə inkişaf etməyə başlayıb. 

İkinci, həlledici amil isə maaşlardır. Əhalinin ən fəal hissəsi – 25-34 yaşlı əməkqabiliyyətli kişilər layiqli əməkhaqqı axtarışında Azərbaycanı tərk edirlər. İkinci yeri 35-49 yaş qrupu tutur.

"Amma daha bir mühüm məqam da diqqəti cəlb edir. Əsasən dövlətin vəsait yatırdığı və guya tələbat olan peşələrin nümayəndələri: mühəndislər, İT mütəxəssisləri, həkimlər, inşaatçılar ölkəni tərk edirlər. Sorğu zamanı ali təhsilli mühacirlərin 50 faizdən çoxu ölkəni tərk etməsinin səbəbi kimi iqtisadi səbəbləri göstəriblər. Azərbaycan aylıq 300 dollardan bir qədər çox əməkhaqqı göstəricisi ilə Cənubi Qafqazda sonuncu yerə düşüb, hələ Avropanı demirik. Doğrudur, bu il minimum əməkhaqqı 116 manatdan 130 manata qədər qaldırılıb, müəllimlərin maaşı bir qədər artırılıb. Həkimlərdən heç danışmırıq. Burada ixtisaslaşmış mütəxəssis üçün hansı layiqli əməkhaqqından söhbət gedə bilər?”, - deyə Azər Mehdiyev sual edir.

REAL Hərəkatının İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanda özü iqtisadi baxımdan kiçik bazardı, yəni kiçik ölkədi və inhisarçılıq, korrupsiya, iş tapmaqla bağlı problemlər olur.

İqtisadçının sözlərinə görə, bu biznesi qurmaq və onu böyütməklə bağlı çətinliklər yaradır: "Buna görə də azərbaycanlılar xaricə çıxaraq, öz potensiallarını realizə etmək üçün imkanlar axtarır. Bu yollardan da ən çoxu qonşu ölkələrə getməkdir. Həmin ölkələrdə orta sahibkarlıqla bağlı vəziyyət Azərbaycandan daha yaxşıdır. Buradan gedən insanlar özlərinə biznes qura bilirlər”. 

Natiq Cəfərli deyir ki, bu kimi faktlara görə ölkədən gedənlərin sayı artmaqda davam edir.

"Azərbaycanda bir sıra islahatlara start verilib"

Deputat Vahid Əhmədov isə bildirib ki, problemlərin həll edilməsi ilə bağlı Azərbaycanda bir sıra islahatlara start verilib: "Yerli sənaye parkları yaradılır. Milli Məclisdə Azad İqtisadi Zona ilə bağlı yanvarın 24-də qərar qəbul edəcəyik”.

Ölkəni tərk edənlərə gəldikdə isə deputat bildirib ki, əmək haqqında müəyyən problemlər ola bilər: "Xaricdə əmək haqqı Azərbaycana nisbətdə çox yüksəkdir. Amma mən hesab edirəm ki, bu iqtisadi islahatlar davamm edərsə, maaşlarda ciddi problemlər olmayacaq”.

Onun sözlərinə görə xaricdə oxuyub gələn azərbaycanlı tələbələrimiz də var: "Son vaxtlar gənc kadrlar nazir, nazir müavini vəzifəsinə gətirilir. İqtisadçının sözlərini tam həqiqəti əks etdirməsə də, gedənlərin olması ilə bağlı faktların olmasında doğruluq var”.
 
Gülzar N. Məmmədli