48 yaşında diplom alan general nazir müavini oldu

48 yaşında diplom alan general nazir müavini oldu

08-07-2018 10:05 / Bu xəbər 3556 dəfə oxundu

Prezident İlham Əliyevin sərəncamı ilə fövqəladə hallar nazirinə müavin təyin edilib. 

Modern.az xəbər verir ki, Nazim Məmmədov fövqəladə hallar nazirinin müavini təyin edilib.

Qeyd edək ki, Nazim Məmmədov buna qədər Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində çalışıb.

Dövlət Gömrük Komitəsinin artıq eks-sədr müavini, gömrük xidməti general-leytenantı Nazim Məmmədovun bu sistemə gəlişi barədə maraqlı məlumatlar söylənilir.

Bu məlumatlardan birində general-leytenant rütbəsi daşıyan 67 yaşlı Nazim Məmmədovun vaxtilə Dövlət Gömrük Komitəsinin keçmiş sədri Kəmaləddin Heydərovun sürücüsü olduğu bildirlir. Rəsmi tərcümeyi-halında onun keçmiş baytarlıq işçisi olduğu haqda qeydlər də N.Məmmədov haqqındakı maraqlı məlumatlardandır.

Nazim Xeyrulla oğlu Məmmədov 1951-ci ilin 8 oktyabrında Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində dünyaya gəlib. Əmək fəaliyyətinə 1973-cü ildə Ordubad şəhərində baytarlıq stansiyasında başlayıb. 1976-1995-ci illərdə Ordubad şəhərində müxtəlif təşkilatlarda çalışıb. 

Karyerasındakı yüksəliş isə 1995-ci ildən - Dövlət Gömrük Komitəsində fəaliyyətə başlayandan sonra başlayıb. Maraqlıdır ki, həmin vaxtadək N.Məmmədov ali təhsilli olmayıb. Görünür ali təhsili olmadığından vəzifə pillələrində yüksələ bilməyəcəyini anlayıb və təhsil almaq qərarına gəlib. Beləliklə də N.Məmmmədov 1998-ci ildə - nə az, nə çox, düz 48 yaşında Təfəkkür Universitetinin Hüquq fakültəsindən məzun olub.

2007-ci ilin 28 dekabrında isə Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib.