Arif Hacılı: "Bu, böyük cinayət hadisəsidir"

Arif Hacılı:

12-01-2018 18:58 / Bu xəbər 1114 dəfə oxundu

"Tbilisidə oğurlanaraq gətirilib, sonra sərhəd pozucusu kimi ittiham edilən Əfqan Muxtarlıya 6 il həbs cəzası verildi. Bu, böyük cinayət hadisəsidir". 

Arqument.Az xəbər verir ki, bunu Müsavat başqanı Arif Hacılı jurnalist Əfqan Muxtarlı ilə bağlı hökmə münasibət bildirərkən deyib.

"Bu cinayətin tərkibində adam oğurluğu da, beynəlxalq hüququn pozuntusu da, işgəncə faktı da, qanunsuz həbsdə saxlama da, sifarişli məhkəmə qərarı da ... var. Əfqan Muxtarlı yaxınları həlak olarkən dəfn mərasiminə belə buraxılmadı, ünvanına müxtəlif böhtanlar deyilərkən ərazi bütövlüyümüz uğrunda fədakar mübarizəsi nəzərə alınmadı", - Müsavat başqanı bildirib. 

A. Hacılı jurnalistə münasibəti Sovet dövründəki vəziyyətlə müqayisə edib: "Sovet repressiyaları, NKVD zorakılıqları, Solovki dəhşətləri unudulmadığı kimi, bu gün baş verənlər də unudulmayacaq. ... Hər kəs bilir ki, Əfqan Muxtarlı günahsızdır. Bunun Ədalət mühakiməsi tərəfindən təsdiq olunacağı gün də uzaqda deyil".

Yanvarın 12-si  Balakən Rayon Məhkəməsində həbsdə olan jurnalist Əfqan Muxtarlının cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. İclasda dövlət ittihamçısı çıxış edərək onun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
 
Bundan sonra məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, Ə. Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib.

Gürcüstanda oturum izni olan jurnalist Əfqan Muxtarlı mayın 29-u Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi (315.2) ilə ittiham edir. Bu ittiham üç ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

Bundan başqa, ona dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri ilə ittiham irəli sürülüb. Həmin ittihamlara görə 318.1 maddəsi 1500 manatdan 3000 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə, 206.1 maddəsi beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutur.

Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlının siyasi və "vicdan məhbusu" kimi tanıyır.