AŞPA Monitorinq Komitəsi Azərbaycan üzrə yeni məruzəçi təyin edib

AŞPA Monitorinq Komitəsi Azərbaycan üzrə yeni məruzəçi təyin edib

29-06-2018 16:39 / Bu xəbər 2020 dəfə oxundu

Akif Qurbanov: ''Yeni məruzəçidən gözləntiləri söyləmək çətindir''

AŞPA Monitorinq Komitəsi iyunun 28-də Azərbaycan üzrə yeni məruzəçi təyin edib.

Yeni məruzəçi britaniyalı Rocer Geyl olub. O, rumıniyalı deputat Florin Predanı əvəzləyib.

Bu barədə "Turan” agentliyinə Monitorinq Komitəsi katibliyinin nümayəndəsi bildirib.

R.Geyl Monitorinq Komitəsinin rəhbəridir.

AŞPA üzvlərinin korrupsiyası və lobbiçiliyi ilə bağlı qurumun yaz sessiyasında qəbul edilmiş sənəddə F.Predanın adı keçir.

Monitorinq Komitəsinin Azərbaycan üzrə digər məruzəçisi avstriyalı Stefan Şennakdır.

Hüquqşünas Akif Qurbanov yeni məruzəçi ilə bağlı Meydan TV-ə deyib ki, gözləntilər şərtlərdən doğan nəticə yarada bilər.

"Məsələ ondadır ki, AŞPA-da son araşdırmaların nəticələri, korrupsiya faktlarının üzə çıxması, Azərbaycanla işləyən şəxslər barədə rəsmi məlumatlar, nəhayət, Pedro Aqramuntun arzuolunmaz prosesdə iştirakı və lobbi fəaliyyətinin tərkib hissəsinə çevrilməsi düşündürücüdür. O mənada AŞPA haqqında neqativ fikirlər yaratmaqla bərabər orda təmsil olunanların da məsuliyyətini artırır”.

Onun fikrincə gözləntiləri söyləmək çətindir.

"Çünki həmməruzəçilər Bakıya gələndən sonra hökumətlə münasibətləri necə olacaq, əvvəlki münasibətləri davam etdirəcəklərmi, yoxsa Azərbaycan hakimiyyəti də münasibətlərdə dəyişikliklərə rəvac verməyi başa düşəcək, bu sualların cavabından çox şey asılıdır”.

Akif Qurbanov

A.Qurbanlı hesab edir ki, əvvəlcədən neqativ fikir söyləmək çətin olsa da, məsuliyyət və diqqətin yuxarı səviyyədə olduğu artıq görünür.

"Hər halda məruzəçi təyin olunan şəxslər hansı məsuliyyətin altına girdiklərini anlayacaqlar. Bu baxımdan indiki şərtlər müsbət gözlənti yarada bilər”.

AŞ PA-nın Prosedur Qaydaları, İmmunitetlər və İnstitusional Əlaqələr Komitəsi 14 keçmiş üzvünə qurumun binasına daxil olmağı, habelə qurumun hər hansı bir tədbirində iştirak etməyi ömürlük qadağa edib. Bunların arasında Azərbaycanın da bir keçmiş millət vəkili Gültəkin Hacıbəyli və iki hazırki deputatı Müslüm Məmmədov və Elxan Süleymanovun da adları var.

G.Hacıbəyli qərara etiraz edərək, ona AŞPA-da heç bir sorğunun daxil olmadığını və məsələnin yaxın zamanlarda aydınlaşdırılacağını bəyan edib. O, bildirib ki, ona ünvanlanan sual Azərbaycanın nümayəndə heyətinin katibliyinə göndərilib və katiblik həmin sualları ona yönəltməyib.

Bundan əvvəl iki illik sanksiya qoyulmuş Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov "APA” agentliyinə bildirib ki, o, parlamentin üzvü deyil və ona görə də məktubu ona ünvanlamayıblar.  

"Parlament keçmiş deputatlara nəyi və niyə göndərməlidir? Onun parlamentə aidiyyəti yoxdur”.

Bundan başqa yeni qərarı şərh edərək, S.Seyidov bəyan edib ki, keçmiş üzvlərə qadağanın qoyulmasının heç bir əhəmiyyəti yoxdur.

Səməd Seyidov

S.Seyidov bildirib ki, o özü həmin istintaq komitəsi ilə əməkdaşlıq edib, mövqeyini bildirib:

"Yəqin ki, kimsə əməkdaşlıq etməyib və ona görə də bu qərar qəbul edilib. Ancaq əməkdaşlıq etməyən şəxslər təkcə Azərbaycandan deyil, bir neçə ölkədən olub”.

S.Seyidov bildirib ki, hər zaman sanksiya dili ilə danışmağın əleyhinə olub:

"İnanmıram ki, bu, hansısa müsbət nəticələrə gətirib çıxaracaq”.