"Avroparlamentin seçkini müşahidə etməməsi xoş olmayan hadisədir" - Anar Məmmədli

09-03-2018 21:54 / Bu xəbər 1424 dəfə oxundu

''Avropa Birliyi Rəsmi Bakı ilə münasibətlərini korlamaq istəməməsi səbəbindən bu qərarı verib''

Avropa Parlamentinin nümayəndələri Azərbaycanda aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etsəydilər daya yaxşı olardı.

Bunu Meydan TV-ə Demokratiyanın Tədrisi və Seçkilərin Monitorinqi Mərkəzinin rəhbəri Anar Məmmədli Avropa parlamentinin növbədənkənar prezident seçkilərini müşahidə etməmək barədə qərarını şərh edərkən deyib.

Avropa parlamentinin Demokratiyaya Dəstək və Seçki Koordinasiya Qrupunun həmsədrləri, deputatlar Makallister və Makavan Rusiya və Azərbaycanda keçiriləcək seçkilərlə bağlı bəyanatında deyilir ki, Avropa parlamenti bu seçkiləri müşahidə etməyəcək və seçki prosesini, eləcə də elan ediləcək nəticələri şərh etməyəcək.

"Avropa parlamentinə daxil olan şəxslərin heç birinə seçki prosesini izləmək və ya onun adından şərh vermək həvalə olunmayıb. Odur ki, Avropa parlamentinin hər hansı üzvü həmin seçkiləri müşahidə etmək qərarına gələrsə, o, bunu öz təşəbbüsü ilə etmiş olacaq və heç bir halda bu, Avropa parlamentinin adından qəbul edilməməlidir. Avropa parlamenti yay tətili öncəsi öz plenar iclasında Aİ və Azərbaycan arasında münasibətlərə dair hesabat qəbul edcək. Yalnız bu hesabat Avropa parlamentinin bu məsələyə dair rəsmi mövqeyi sayıla bilər”, - bəyanatda deyilir.

A.Məmmədlinin fikrincə bu xoş olmayan hadisədir: "Azərbaycan hazırda Avropa Birliyi ilə tərəfdaşlıq saxişi ətrafında danışıqlar prosesindədir. Azərbaycan Şərq Tərəfdaşlıq Proqramının üzvüdür. Bu baxımdan ölkədə insan hüquqları, seçki və demokratik institutların vəziyyəti barədə Avropa Birliyinin dəyərləndirmə aparması və 11 aprel növbədənkənar seçkini müşahidə etməsinə ehtiyac vardı”.

Anar Məmmədli güman edir ki, Avropa Birliyi Rəsmi Bakı ilə münasibətlərini korlamaq istəməməsi səbəbindən bu qərarı verib.

"Yəni onlar Bakı ilə apardıqları hazırkı danışıqlara görə 11 aprel növbədənkənar seçki haqda mənfi rəy verməkdən çəkiniblər”.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kəstutis Yankauskas fevral ayında jurnalistlərlə söhbətində demişdi ki, Avropa İttifaqı Azərbaycanda aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) təcrübəsinə və standartlarına əsaslanacaq.

"Azərbaycan üzvü olduğu beynəlxalq təşkilatlara dəvətnamələr göndərib. Buna görə Aİ dəvət almayıb. Aİ həmişə ATƏT-in və ATƏT DTİHB-nin təcrübəsinə əsaslanır. Bilirəm ki, ATƏT DTİHB-yə dəvətnamə artıq daxil olub və hazırda ona baxılır. Onlar bütün detalları qiymətləndirməlidirlər”, deyə Yankauskas qeyd edib.