Azad Həsənova işgəncə verilir? - Vəkillə görüşməsinə imkan verilmir

Azad Həsənova işgəncə verilir? - Vəkillə görüşməsinə imkan verilmir

17-10-2018 02:00 / Bu xəbər 1522 dəfə oxundu

Artıq altıncı gündür ki, həbs edilən Müsavat Partiyası Suraxanı rayon təşkilatının üzvü Azad Həsənovun öz vəkili ilə görüşməsinə imkan verilmir. 

Osman Kazımovun "Basta”ya verdiyi məlumata görə, istintaq orqanı onun Azad Həsənovla görüşməsi üçün zəruri olan icazə məktubunu vermir.

"Görüşə icazə məktubu almaq üçün istintaqın getdiyi Bakı Şəhər Baş Polis İdarəsinə müraciət etmişəm. Müstəntiqlər deyir ki, rəis icazə məktubunu hələ imzalamayıb. Bu məktub olmadan istintaq altında olan şəxslə görüşmək mümkün deyil”, – Osman Kazımov bildirib.

Müsavat Partiyası mətbuat xidmətinin yaydığı məlumata görə, vəkilin Azad Həsənovla görüşməsinə imkan verilməməsi, onun həyatına təhlükə olduğundan xəbər verir. 

"Bundan əvvəl Azad Həsənovun saxlandığı yer barədə məlumat verilmirdi. İndi də vəkili ilə görüşməyə imkan verilmir. Bu, Azad Həsənovun işgəncəyə, fiziki və mənəvi işgəncəyə məruz qaldığı, onun həyatına təhlükə olduğuna dair narahatçılığı artırır”, – deyə, mətbuat xidmətinin açıqlamasında bildirirlir.   

Azad Həsənov oktyabrın 10-da mühacirətdə olduğu Litvadan ağır vəziyyətdə olan atasını görmək üçün Bakıya qayıdıb və bundan bir neçə saat sonra yaşadığı Hövsan qəsəbəsində həbs edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, saxlama, daşıma, göndərmə və ya satma – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən külli miqarda törədildikdə) cinayət işi qaldırılıb.

Oktyabrın 12-də Xətai rayon Məhkəməsi hakim İbrahim İbrahimlinin sədrliyi ilə Həsənov barəsində 4 ay həbs qətimkan tədbiri seçib.

Müsavat Partiyası Azad Həsənova qarşı ittihamın uydurma olduğunu bəyan edib.

Qeyd edək ki, Azad Həsənov 2003-cü ildən Müsavat Partiyasının fəal üzvüdür. 

O, 2014-cü ilin fevralından ailəsi ilə birgə mühacirətdədir,  2016-cı ilin yanvar ayından Litvada siyasi sığınacaq alıb.