Azərbaycanda yeni məmur vəzifəsi yaradıldı: Baş Probasiya

Azərbaycanda yeni məmur vəzifəsi yaradıldı: Baş Probasiya

29-06-2018 16:50 / Bu xəbər 3017 dəfə oxundu

Milli Məclisin bu gün keçirilən cilasında Cəzaların İcrası Məcəlləsinə əlavələr müzakirə olunub.

APA-nın məlumatına görə, layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, təklif olunan layihəyə əsasən, Azərbaycan Respublikasının Baş Probasiya (məhkumlara nəzarət) məmuru vəzifəsi təsis edilir. 

Müvafiq olaraq, yerlərdə Probasiya Xidməti məmurları vəzifəsi fəaliyyətə başlayır.

Layihədə bildirilir ki, Probasiya Xidmətinin məmuru Cəzaların İcrası və İnzibati Xətalar məcəllələri ilə müəyyənləşdirilən vəzifələrlə yanaşı, aşağıdakı vəzifələri də yerinə yetirir:

- icraata daxil olmuş sənədlərin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür;

- üzərində probasiya nəzarəti həyata keçirilən şəxslərə və onların nümayəndələrinə iş materialları ilə tanış olmağa, onlardan çıxarış etməyə və ya həmin sənədlərin surətini çıxarmağa imkan yaradır;

- üzərində probasiya nəzarəti həyata keçirilən şəxslərin müraciətlərinə baxır və müvafiq tədbirlər görür;

- probasiya xidməti və ya qurumun rəhbərinin göstərişlərini yerinə yetirir.

Layihə səsə qoyularaq qəbul edilib.

Milli Məclisdə ötən ilin sonunda qanunvericiliyi edilən əlavələrlə cəza çəkən məhkumlara yeni nəzarət sistemi - Probasiya sistemi yaradılıb.

Bu nəzarət azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu maddədə göstərilən (göstəriləcək) digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir.