Bakı Şəhər İcra Hakimiyyətində yeyintilər aşkarlandı - RƏSMİ

Bakı Şəhər İcra Hakimiyyətində yeyintilər aşkarlandı - RƏSMİ

08-04-2016 14:55 / Bu xəbər 3225 dəfə oxundu

Keçən il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Bakı Şəhər İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair audit həyata keçirilib. Nəzarət tədbiri ilə 409 057,8 min manat məbləğində vəsait əhatə edilib. Dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) ayrılan vəsaitlərdən istifadənin auditi zamanı aşağıdakı nöqsanlara yol verildiyi müəyyən edilib.

Arqument.Az xəbər verir ki, bu barədə "Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci ildə fəaliyyəti haqqında” adlı hesabat sənədində bildirilib.

Sənədə əsasən, Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə 8 layihə üzrə sifarişçi təşkilat kimi Bakı Şəhər İcra Hakimiyyətinə ayrılmış vəsaitin 12,7%-nin təyinatı dəyişdirilərək Bakı şəhəri yollarının asfalt örtüyünün əsaslı təmirinə və yenidən qurulmasına, həmçinin klassik və müasir tipli işıq dirəklərinin alınması və quraşdırılmasına yönəldilib, dövlət satınalmalarının tənzimləyən normativ-hüquqi sənədlərin tələblərinə əməl edilməyərək, bəzi hallarda satın alınan malların ehtimal olunan qiymətləri mövcud qaydalara uyğun müəyyənləşdirilməyib, tender prosedurunun keçirilməsi üçün minimum 3-4 ay vaxt tələb olunduğunu və görüləcək işlərə təcili tələbat yarandığını əsas gətirərək satınalmaların birbaşa müqavilə ilə həyata keçirilməsinə müvafiq razılıq alınsa da, müqavilələr bir neçə aydan sonra bağlanılıb, nəticədə 2014-cü ildə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən əhatə olunan məbləğin 61,9%-i səviyyəsində satınalmalar birbaşa müqavilə (bir mənbədən satınalma) metodu əsasında həyata keçirilib. Müvafiq satınalma proseduru keçirilmədən 10 layihəçi təşkilata layihə-smeta sənədlərinin hazırlanmasına görə vəsait ödənildiyi müəyyən edilib.

Audit sübutları ilə bəzi hallarda malların dəyərinin ödənişi zamanı müqavilə şərtlərinin tələblərinə əməl edilməməsi səbəbindən artıq vəsait ödənildiyi, 2 obyekt üzrə hazırlanmış layihə-smeta sənədləri dövlət ekspertizasından keçirilmədən və ehtimal olunan müqavilə dəyəri qüvvədə olan qaydalara uyğun təyin edilmədən vəsait xərcedildiyi "Lifttəmir" İstehsalat Birliyi tərəfindən bağlanılmış satınalma müqaviləsinin şərtlərinə (daşınma xərcləri üzrə) əməl edilməməsi nəticəsində artıq xərcə yol verilib "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" üzrə 284 obyekt üzrə müxtəlif adda inventar və avadanlıqların, eləcə də tikintisi başa çatan 6 təhsil obyekti üzrə əsas fondların təhvil verilməsinin müvafiq qaydada rəsmiləşdirilmədiyi, 9 obyekt üzrə işlərin ehtimal olunan müqavilə qiymətinin hesabatının Departamentinin özü tərəfindən hesablanıldığı, tərtib olunan toplu smetada nəzərdə tutulan bəzi işlərin adları və həcmləri göstərilmədən qəbul aktlarına daxil edildiyi, bəzi hallarda işlərin dəyərinin artıq ödənildiyi, bir sıra hallarda obyektin tikinti işləri başa çatdırılsa da, Dövlət qəbul Komissiyası tərəfindən istismara qəbulununu yekunlaşdırılmadığı müəyyən edilib.

Nəzarət tədbiri nəticələri Hesablama Palatasının Kollegiyasında müzakirə edilib və müvafiq qərar qəbul olunub. Müəyyən edilən nöqsanların aradan qaldırılması və nöqsanlara yol vermiş şəxslərə müvafiq qaydada intizam tənbeh tədbirlərinin tətbiq olunması məqsədilə Kollegiya Qərarının surəti Bakı şəhər İcra Hakimiyyətinə göndərilib, nəzarət tədbirinin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.

Hesablama Palatasına təqdim edilmiş məlumatlara görə BŞİH tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində 106,4 min manat məbləğində vəsait müvafiq qaydada dövlət büdcəsinə bərpa edilib, 2,0 min manat dəyərində avadanlığın təhvil verilməsi təmin olunub. Məlumatda həmçinin 35584,9 min manat dəyərində müxtəlif adda inventar və avadanlıqların müvafiq qayada rəsmiləşdirildiyi, balans saxlayıcı təşkilatlarla təhvil-təslim işləri başa çatdırıldığı, təmir-tikinti işlərinin smeta sənədlərində "Nəzərdə tutulmayan işlər və xərclər" bölməsində ayrılmış vəsait hesabına rəsmiləşdirilməsi üçün sifarişçi, layihəçi və podratçının nümayəndələrinin birgə iştirakı ilə müvafiq aktların tətbiq olunduğu, 409,2 manat dəyərində təhvil verilməmiş əsas fondların müvafiq qaydada balans-saxlayıcı ilə təhvil-təslim işlərinin başa çatdırıldığı qeyd olunub.

Qeyd edək ki, hesabat sənədi Milli Məclisə təqdim olunub. Sənəd aprelin 15-də Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Arqument.Az