Baş redaktorun evində axtarış aparılıb

Baş redaktorun evində axtarış aparılıb

10-07-2018 17:07 / Bu xəbər 1622 dəfə oxundu

Anar Məmmədovun noutbuku və telefonu götürülüb, Musfata Hacıbəyli isə yenidən dindirilir

"Criminal.az” saytının baş redaktoru Anar Məmmədovun evində axtarış aparılıb. Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, iyulun 9-da axşam saatlarında Baş Prokurorluğun iki müstəntiqi Anar Məmmədovun evinə gələrək axtarış aparacaqlarını deyiblər. Onlar baş redaktora məxsus noutbuku, telefonu və sənədləri özləri ilə götürüblər.

Anar Məmmədov iyulun 10-da yenidən Bakı Şəhər Prokurorluğuna çağırılıb. Onun hüquqlarını vəkil Elçin Sadıqov müdafiə edəcək. Baş redaktor ilk dəfə iyulun 9-da dindirilib.

Bir gün əvvəl ifadə verən "Bastainfo” saytının rəhbəri Mustafa Hacıbəyli də iyulun 10-da yenidən Bakı Şəhər Prokurorluğuna çağırılıb. Müsavat Partiyasının başqanı Arif Hacılının Meydan TV-yə verdiyi məlumata görə, hazırda baş redaktor ifadə verir.

İyulun 9-da Baş Prokurorluq məlumat yayaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı edilən sui-qəsdlə əlaqədar bir neçə sayta qarşı da cinayət işi başlanıldığını bildirib. Həmin media qurumları çağırış xarakterli, ictimaiyyəti çaşdıran məlumatlar paylaşmaqda günahlandırılırlar.