Büdcədən yayınan vəsaitlər rəsmi rəqəmlərdə

Büdcədən yayınan vəsaitlər rəsmi rəqəmlərdə

18-05-2018 17:02 / Bu xəbər 2430 dəfə oxundu

Hesablama Palatası Milli Məclisdə illik hesabat verdi

Milli Məclisdə "Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqında” hesabatı dinlənilib. Hesabatı Palatanın sədri Vüqar Gülməmmədov təqdim edib.
2017-ci ildə Palata tərəfindən audit ilə əhatə olunan qurumların sayı 135 olub.

Hesablama Palatası tərəfindən hesabat ilində dövlət büdcəsinin gəlirləri üzrə 2, büdcə xərcləri üzrə 52, büdcədənkənar dövlət fondlarının vəsaitləri ilə bağlı 5 auditin nəticəsi üzrə müvafiq qərarlar qəbul edilib.

Hesablama Palatasının nəzarət tədbirləri ilə ümumilikdə 689 hal üzrə nöqsanlar müəyyən edilib.

Sənəddə bildirilir ki, ümumilikdə hesabat dövründə qurumlar tərəfindən 42 mln. 110,4 min manat məbləğində vəsaitin təyinatının dəyişdirilməsi halları müəyyən edilib.

DSMF-nin fəaliyyətində ciddi nöqsanlar

Sənəddə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətində ciddi nöqsanlar olduğu qeyd edilib.

"Bəzi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə sosial sığorta nömrələrinin verilməməsi və ya verilmiş sosial sığorta nömrələrinin fərdi uçot bazasına işlənilməməsi səbəbindən yığım hesabına toplanılmış ümumilikdə 1 mln. 641,7 min manat məbləğində vəsait müvafiq hesablara daxil edilməyib, məcburi dövlət sosial sığorta haqları üzrə debitor borclarının bağlanılması istiqamətində qanunvericiliklə müəyyən edilmiş qaydada zəruri tədbirlər görülməyib.

Hesablama Palatası

Əmək pensiyalarının təyin edilməsi üçün sənədlərin qəbulu, baxılması və pensiya məbləğinin hesablanılması prosesində qanunvericiliyin tələblərinə tam əməl olunmayıb, bir çox hallarda arxivləşdirilmiş pensiya işləri üzrə uçot vərəqələrinə ailə başçısını itirmiş ailələrin pensiya almaq hüququ olan ailə üzvlərinin, əlilliyə görə pensiyaçının himayəsində olan uşaqlarının doğum haqqında şəhadətnamələrinin surətləri, eləcə də əmək qabiliyyətsiz ailə üzvünə görə sosial müavinətin alıb-almaması haqqında müvafiq arayışlar əlavə olunmayıb. Nəticədə şöbələr üzrə ümumilikdə 77 min 387 manat məbləğində artıq, 1122,4 manat məbləğində əskik ödənişlər həyata keçirilib.

Fiziki şəxslərə ümumilikdə 203 134,5 manat məbləğində artıq pensiya ödənilib

Əlilliyə görə pensiyaçıların 2017-ci ilin 1 iyul tarixinədək olan dövrdə işləyib-işləməməsi nəzarətdə saxlanılmayıb, nəticədə işləməyən əlil kimi əmək pensiyasını tam məbləğdə alan, lakin müəssisə və təşkilatlarda çalışan muzdlu işçilərə, habelə aktiv sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə ümumilikdə 203134,5 manat məbləğində artıq pensiya ödənilib.

Uşaqların sağlamlıq imkanlarının məhdudluğuna görə, sosial müavinət və eyni zamanda əlilliyə görə pensiya alan bir sıra şəxslərin pensiya məbləğinin üzərinə əmək qabiliyyəti olmayan uşaqlarına görə ailə əlavəsi də hesablanaraq ümumilikdə 22,9 min manat məbləğində artıq pensiya ödənişi həyata keçirilib. Auditlə əhatə olunan dövrdən əvvəl təyin edilmiş pensiya işlərinin araşdırılması göstərib ki, pensiyanın sığorta hissəsi düzgün hesablanmayıb.

Bundan başqa, DSMF-nin 3 rayon şöbəsində ümumilikdə 251,5 min manat məbləğində əlavə vəsait hesablandığı aşkar edilib.

Vəfat etmiş şəxslərə 319,1 min manat məbləğində vəsait ödənilib

181 halda pensiya alan şəxslərin vəfat etdiyi tarixdən sonra hesabların bağlanılmadığı, həmin hesablara ödənişlərin davam etdirilərək 624,5 min manat, 35 şəxsin, eyni zamanda Fondun iki müxtəlif yerli orqanından əmək pensiyası aldığı və nəticədə onlara ikiqat pensiya ödənilərək, ümumilikdə 319,1 min manat məbləğində vəsait ödənildiyi məlum olub.

2016-cı ildə Fondun Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə İş İdarəsində qeydiyyatda olan müəssisə və təşkilatlarda əmək fəaliyyəti ilə məşğul olan 492 nəfər, İri Sığortaedənlərlə İş İdarəsində isə 416 nəfər Fondun müxtəlif şəhər və rayonlarında əlilliyə görə əmək pensiyasını tam məbləğdə alıb, bu səbəbdən artıq ödənilən pensiya məbləği ümumilikdə 1092,6 min manat təşkil edib.

25,8 min manat vəsait qanunda nəzərdə tutulmayan istiqamətdə xərclənib

Sığorta olunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclər üzrə 01.01.2016-cı il tarixə Konfederasiyanın hesabında 662,7 min manat məbləğində qalıq olmasına baxmayaraq həmin vəsait təsdiq olunmuş illik xərclərdə nəzərə alınmayıb, qanunvericilikdə Fondun vəsaitlərinin düzgün və məqsədyönlü xərclənməsinin ildə bir dəfədən az olmayaraq yoxlanılması nəzərdə tutulsa da, Fond və Nazirlik tərəfindən Konfederasiyada müvafiq yoxlamalar həyata keçirilməyib.

Fondun aparatının saxlanılması üzrə 38,9 min manat vəsait təsdiq olunmuş smetada nəzərdə tutulan maddələrə uyğun xərclənməyib, tətbiq olunmuş maliyyə sanksiyalarından daxil olan vəsaitlər üzrə ümumilikdə 25,8 min manat vəsait "Sosial Sığorta haqqında” qanunda nəzərdə tutulmayan istiqamətdə xərclənib.

Bundan əlavə, ümumilikdə 10,7 min manat məbləğində artıq əmək haqqı və müavinət, həmçinin 6 min manat məbləğində artıq yanacaq xərcləri aparılıb, Azərbaycan Hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış "Pensiya və sosial təminat” layihəsi üzrə Fondun dövlət büdcəsinə 2,3 mln. dollar məbləğində borc qalığı yaranıb.

Satınalmalarla bağlı dövlət qurumlarında nöqsanlar

Satınalmalarla bağlı nəzarət tədbirlərinin nəticələri ilə qurumlar tərəfindən ümumilikdə 55 halda ehtimal olunan qiymətin düzgün müəyyənləşdirilmədiyi, 113 halda tender komissiyasının fəaliyyətinin müvafiq qanunvericiliyə uyğun təşkil edilmədiyi, 6 halda iddiaçılar arasında qalibin düzgün müəyyənləşdirilmədiyi, 1 halda Prezident İlham Əliyevin 2016-cı il 15 sentyabr tarixli 1046 nömrəli fərmanı ilə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda idxal mallarının, işlərinin, xidmətlərinin satınalınması zərurəti yaranarsa, podratçı təşkilatlarla müqavilə imzalanmadan öncə həmin malların işlərin, xidmətlərin satınalınmasına dair nəzərdə tutulan müvafiq razılığın alınması tələbinin gözlənilmədiyi, 15 halda tender elanının məzmununun və tenderin əsas şərtlər toplusunun, satınalmalarda iddiaçı kimi çıxış edənlərdən nəzərdə tutulan qaydada maliyyə vəziyyəti barədə sənədlərin və tender təklifinin təminatının alınmadığı, 18 halda müqavilənin mövcud normativ-hüquqi aktlarla nəzərdə tutulduğu qaydada tərtib edilmədiyi, eləcə də 7 halda dövlət satınalmaları üzrə tenderlər, təkliflər sorğusu və kotirovka sorğusu barədə elanlar və onların nəticələri, habelə tender nəticəsində bağlanılmış satınalma müqaviləsi barədə məlumatların müəyyən edilən müddətlərdə dövlət satınalmalarının rəsmi internet saytında yerləşdirilmədiyi müəyyən edilib.

AZAL-a xəbərdarlıq

"Azərbaycan Hava Yolları” QSC-də (AZAL) aparılmış auditin nəticəsi olaraq dövlət əmlakından istifadə olunması sahəsində müəyyən edilmiş qanunvericiliyin pozulması halları barədə Əmlak Məsələləri Dövlət Komitəsinə məlumat göndərilib.

"Təqdim edilmiş məlumata görə, komitə tərəfindən bağlanılan icarə müqaviləsinin şərtlərinə əsasən ikinci əldən başqa istifadəçilərə icarə verilməsinə yol verilməməsi barədə xəbərdarlıq məktubu göndərilib. Həmçinin, komitə əməkdaşları tərəfindən müvafiq monitorinqlərin keçirildiyi dövlət əmlakının istifadəsi ilə bağlı yol verilmiş nöqsanların aradan qaldırılması tələbi barədə bir daha xəbərdarlıq məktubunun göndərildiyi barədə Hesablama Palatasına məlumat verilib” – hesabatda bildirlir.

"Azərbaycan İpoteka Fondu”nda da nöqsanlar

Palatanın "Azərbaycan İpoteka Fondu” ASC-nin fəaliyyəti ilə bağlı həyata keçirdiyi təhlilin nəticələrinə görə, dövlət büdcəsindən ayrılan vəsaitlər, habelə cəlb edilmiş vəsaitlər likvidliyin təmin olunması məqsədilə ipoteka kreditlərinin verilməsinə tam istiqamətlənməyib, əhalinin aztəminatlı hissəsinin ipoteka kreditlərindən yararlanmasını asanlaşdırmaq məqsədilə ipoteka kreditləri üzrə zəmanələrin verilməsi qaydalarının hazırlanaraq təsdiq edilməsi təmin edilməyib, həmçinin ipoteka kreditləri üzrə mövcud real tələbatın ödənilməsi üçün strateji maliyyə planlaşma sənədləri hazırlanmayıb.

Dövlət qurumlarının 2,1 milyard manat debitor borcu var

Hesablama Palatasının 2017-ci il üçün iş planına əsasən dövlət büdcəsindən maliyyələşən qurumlarda 2015-2016-cı illərdə debitor borcların yaranması, tərkibi, strukturu və dinamikasını müəyyən etmək məqsədilə debitor borcların təhlili aparılıb.

Təhlil 76 təşkilat və müdafiə bölməsi, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə maliyyə hesabatlarını əhatə edib. Təhlillə əhatə edilmiş təşkilatlar üzrə 01.01.2016-cı il tarixə 2 mlrd. 705 mln. 43,8 min manat və 01.01.2017-ci il tarixə isə 2 mlrd. 101 mln. 450,6 min manat debitor borcun olduğu müəyyən edilib.

Bu qurumlar Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi, Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Nəqliyyat Nazirliyi, Gənclər Fondu, Kənd Təsərrüfatı Nazirliyidir.

Səfirliklərdə və dövlət qurumlarında büdcədən yayınma halları

Hesabatda qeyd edilir ki, Azərbaycanın Gürcüstan Respublikası, Mərakeş Krallığı və Qazaxıstan Respublikasındakı səfirliklərində maliyyə nöqsanları aşkarlanıb. Bu nöqsanlar əsasən əməkhaqqının ödənilməsi və ezamiyyə xərcləri ilə bağlıdır. Ümumilikdə hər üç səfirlikdə 51 177,9 ABŞ dolları və 775,4 avro maliyyə pozuntusu aşkarlanıb. Yoxlama nəticəsində görülən tədbirlərdən sonra vəsaitlər dövlət büdcəsinə qaytarılıb.

Ötən il aparılan yoxlamaların nəticələrinə əsasən Dini Qurumlarla iş üzrə Dövlət Komitəsində ümumilikdə 42 401,5 manat, Gənclər və idman nazirliyində 108 358,1 manat, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunda 19 952,4 manat maliyyə yayınması faktı aşkarlanıb. Yoxlamalar nəticəsində vəsait dövlət büdcəsinə qaytarılıb.

Həmçinin Mingəçevir, Lənkəran və İsmayıllı rayon icra hakimiyyətlərində də maliyyə nöqsanları aşkarlanıb.

Mənimsəməyə yol vermiş şəxslər məsuliyyətə cəlb edilməlidir

Hesabatın müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev büdcə vəsaitlərini düzgün sərf etməyən məmurlarla bağlı daha sərt addımlar atmağa çağırıb.

"Hesab edirlər ki, onlar bu vəsaitdən istədikləri kimi, bəzən təyinatına uyğun olmadan istifadə edə bilərlər. Nəzarətedici orqanlar tərəfindən bu fakt aşkarlananda həmin vəsaiti yerinə qoymaqla məsuliyyətdən azad edilirlər”.

Qüdrət Həsənquliyev

Deputat qeyd edib ki, mənimsənilmiş, düzgün istifadə edilməmiş vəsait aşkarlananda həmin şəxs cinayət hüququ və ya inzitam qaydasında məsuliyyətə cəlb edilməlidir.

Deputat Vahid Əhmədov bildirib ki, Palatanın hesabatında nəzarət tədbirləri ilə bağlı ciddi nöqsanların aşkar edildiyi öz əksini tapıb.

Vahid Əhmədov

"Ötən il ümumi 70 nəzarət tədbiri həyata keçirilib. Nöqsanlar əsasən ayrılan vəsaitlərin düzgün istifadə olunmaması, dövlət satınalmaları sahəsində və mühasibat uçotu ilə bağlı olub. Dövlət satınalmaları ilə bağlı nöqsanlar ümumi nöqsanların 36 faizini, mühasibat uçotu ilə bağlı nöqsanlar 35 faizini, dövlət zəmanəti ilə verilən kreditlərlə bağlı nöqsanlar isə ümumi nöqsanların 15 faizini təşkil edib”.

Məmur işdən çıxandan sonra məlum olur ki, milyonlarla yeyinti olub

Deputat Əli Məsimli də bildirib ki, Hesablama Palatası hüquq-mühafizə orqanları ilə birgə işlərin aparılması və dövlət büdcəsinə vəsaitin qəbul olunmasına diqqət etməlidir.

Əli Məsimli

"Bu qurum elə ciddi işləməlidir ki, dövlət büdcəsinə daxil olan vəsaitlərdə yayınma olmasın. Hesabatdan məlum olur ki, Palata vəzifəli şəxslərə qarşı intizam tədbirləri həyata keçirib. Azərbaycanda nəzarət vətəndaşa tətbiq olunanda çox sərt olur. Amma dövlət orqanlarında vəzifəli şəxslərə tətbiq olunanda yolavermə mexanizmi kimi yanaşılır. Yalnız məmur işdən çıxandan sonra məlum olur ki, milyonlarla yeyinti olub. Bu yanaşma kökündən səhvdir. Hesab edirəm ki, Palata vəzifəli şəxslərlə bağlı korrupsiyaya qurşanandan sonra tədbir görməli deyil, korrupsiyanın baş verməsinə imkan verməməlidir” - deyən deputat müvafiq nəzarəti həyata keçirməsi üçüb Palatanın səlahiyyətləri artırılmasını da təklif edib.

Açılan iş yerlərinin staistikası ilə DSMF-nin rəqəmləri uyğun gəlmir

Deputat Musa Quliyev deyib ki, DSMF-də aşkar edilən bu qanunsuzluqlar gələcəkdə bu qurumu daha cidd qaydada yoxlanılmasını zəruri edir. "İldə 150-160 min yeni iş yeri açılsa da və həmin yerlərdə çalışan işçilər orta aylıq əməkhaqqı səviyyəsində pul alsalar da, DSMF-nin işşçilərin sığortalanması ilə bağlı verdiyi hesabatla uyğunluq təşkil etmir. Burada ya iş yerləri ilə bağlı statistika uyğun deyil, yaxud da burada hansısa qanun pozuntusu mövcuddur. Odur ki, bu məsələlər də ciddi araşdırılmalıdır”.

Musa Quliyev

Musa Quliyev ünvanlı sosial yardım və əlilliyin verilməsi, həçinin şəkərli diabet xəstələrinin testrlə təmin olunması sahəsindəki qanun pozuntularını araşdırmağa çağırıb.

Müzakirələrdən sonra Hesablama Palatasının hesabatı səsverməyə qoyularaq qəbul edilib.