Beynəlxalq təşkilatdan Azərbaycana çağırış

Beynəlxalq təşkilatdan Azərbaycana çağırış

22-10-2018 12:17 / Bu xəbər 1530 dəfə oxundu

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurası 20 sentyabrda 39 sessiyası zamanı Azərbaycanla bağlı Universal Dövri İcmalın nəticələrini qəbul edib. 

Hesabatın qəbulundan öncə isə "Amnesty International" təşkilatı bəyanat yayıb.

Bir çox məhbus, xüsusilə də siyasi motivli təqiblərin qurbanları, həbsdə ikən mütəmadi olaraq işgəncə və pis rəftara məruz qaldıqlarını iddia edir

Bəyanatda təşkilat Azərbaycanı öz hüquqlarından istifadə etdiklərinə görə həbs olunan insanları azadlığa buraxmağa, işgəncə və pis rəftara son qoymağa çağırıb.

"Siyasi motivli təqiblər, hökümət tənqidçiləri və digər müxalif fikirli insanların siyasi motivli ittihamlarla həbs edilmələri "Amnesty International"ın Azərbaycandakı insan haqları durumu ilə bağlı əsas narahatlıqlarından biridir”, - bəyanatda bildirilir. 

Təşkilatın məlumatına görə, "hazırda siyasi motivli təqiblərin 100-dən çox qurbanı Azərbaycan həbsxanalarında əziyyət çəkir".

"Amnesty International" Azərbaycanın siyasi motiv daşıyan məhkəmə proseslərinə son qoymaq və ifadə, toplaşmaq və təşkil olmaq azadlıqlarından istifadə etdiklərinə görə həbs olunan insanları azadlığa buraxmaq tövsiyyələrini rədd etdiyinə görə "dərin təəssüf hissi” keçirdiyini qeyd edir.

"Amnesty International və digər insan haqları qrupları Azərbaycanda hakimiyyət tənqidçilərinin uydurma ittihamlarla, beynəlxalq qanunları və ədalətli məhkəmə standartlarını pozaraq təqib olunub, həbs edildiyinə dair bir neçə halı qeydə alıb”, - deyə bəyanatda bildilir. 

Bu baxımdan, təşkilat Azərbaycanın ədliyyə sisteminin müstəqilliyi, qərəzsizliyi və səffaflığını təmin etmək və vəkillərin haqlarına hörmət bəsləmək tösiyyələrini qəbul etməsini alqışlayır.

Təşkilat bildirir ki, "bir çox məhbus, xüsusilə də siyasi motivli təqiblərin qurbanları, həbsdə ikən mütəmadi olaraq işgəncə və pis rəftara məruz qaldıqlarını iddia edir”. 

"Amnesty İnternational" Azərbaycanın həbsxanalardakı şəraiti yaxşılaşdırmaq və məhbusların tibbi xidmətlərə çıxışını təmin etmək tövsiyyəsini qəbul etməsini alqışlayır”, - təşkilat bildirir.

Lakin bəyanatda deyilir ki, "Amnesty International" Azərbaycanın həbsxanalarda işgəncə və pis rəftarın qarşısını almaq və işgəncə ittihamlarının effektiv, müstəqil və qərəzsiz şəkildə araşdırılmasını, bunu edənlərin isə məsuliyyətə cəlb olunmalarına dair xüsusi tövsiyyələri rədd etməsini dərin təəssüf hissi ilə qarşılayır”.

Amerikanın Səsi