"Bu, çox çətin və hər kəsin verə bilməyəcəyi qərardır" - MÜSAHİBƏ

09-02-2018 16:38 / Bu xəbər 2556 dəfə oxundu

Arqument.az-ın "Bizim ekspert” verilişinin 10-cu buraxılışında nikah müqavilələrinin məcburiliyi, boşanmalar, erkən nikahlar və s. məsələləri müzakirə etdik. 

Ekspertimiz psixoloq Aytac Sahildir. 

Bildiyiniz kimi, bu məsələ hətta Milli Məclisin ailə, qadın, uşaq komitəsində də müzakirə olunub və nikah müqavilələrinin məcburiliyi təklif olunub. 

- Bu məsələ artıq bir-neçə gündür ki, aktual mövzuya çevrilib və nikah müqavilələrinin məcburi olması vurğulanır. Qeyd olunur ki, nikah müqavilələri məcburi olarsa, bu, boşanmaların da sayının azalmasına səbəb ola bilər...

- Nikah müqavilələrinin məcburi olmasını dəstəkləyirəm, bu, lazımdır. Nikah müqaviləsi nə üçün lazımdır; təbii ki, qaydaları, qanunları tənzimləmək, gələcəkdə ola biləcək problemlərin qarşısını ala bilmək, cütlüklərin hər hansı hüquqlarının tapdalanmaması və eyni zamanda gələcək uşaqların yaşaya biləcəyi problemlərin qarşısını ala bilmək üçün və s.  Bu baxımdan dəstəkləyirəm. Digər tərəfdən isə ailə qurmaq yetkin bir insanın qərarıdır, hətta deyirlər ki, bu bir məharətdir. Əslində, evlilik qərarı çox çətin və hər kəsin verə bilməyəcəyi bir qərardır... Amma bəzən olur ki, insanlar yetkinliyə çatmadan qərar verirlər. Burada, sadəcə olaraq, hər hansısa bir yetkinlik yaşına çatmaqda deyil, insanın şəxsiyyət kimi yetkinliyə çatmasından söhbət gedir.Yəni insanlar öz məsuliyyət və öhdəliklərini tam olaraq dərk edə bilmirlər. Bu baxımdan yaxşı olardı ki, bu məsələ qaydalarla da tənzimlənsin, çünki insan bəzən qaydalarla da bəzi şeyləri öyrənir. Yəni bir şeyləri öyrənmək üçün, sadəcə, özünün hər hansı bir potensialı bunu ortaya çıxara bilmir və məcbur olur ki, qaydalara əməl etsin. Ona görə də yaxşı olardı ki, o qaydalar olsun və başqa problemlər ortaya çıxmasın. Boşanmanı azaldıb-azaltmayacağına gəlincə, buna çox da əmin deyiləm, yəni ola da bilər, olmaya da bilər. Ola bilər ki, bu mərhələdə bu prosedurun çətinləşdirilməsi və imkansızlaşdırılması nəticəsində problemlər yaransın. Yəni insanlar müəyyən mərhələdə düşünüb-daşınırlar ki, evlənməməli idilər, bu qərarı verməkdə tələsiblər, verməməli idilər. Ona görə də proses çətinləşərsə, bəzi çətinlik çəkən ailələr - hansı ki daha çox qadınlar bunun qurbanı olurlar - o problemlərlə baş-başa qalırlar. Prosedurun çətin olması nəticəsində daha ciddi, hətta belə deyim ki, həyatı təhdid edən problemlər ortaya çıxa bilər.

- Yəni hesab edirsiniz ki, boşanmaların sayının azalmasına təsir etdiyi halda, həm də digər problemlər yaradacaq, məsələn, intihar və digər hallara yol aça bilər? 

- Ümumiliyyətlə, məcburi nikahlarda və ya artıq nikah müqaviləsi məcburidirsə, ayrılmaq üçün şərtlər ağır olarsa, yəni prosedur çətinləşirsə, bu zaman qadın məcburi nikahda qalmalıdır, davam etdirməlidir. Bu zaman psixoloji olaraq orada ciddi problemlər çıxacaq: depressiya, intihar, özünə zərər yetirmə, psixi xəstəliklər və s. Nəticədə də bir yerdə olan, amma xoşbəxt ola bilməyən ailələrin sayı artmış olacaq. Bu da hər halda yaxşı hal deyil. İnsanların necə ki ailə qurmaq hüququ var, eləcə də, münasibətlərini sonlandırmaq hüququ var və buna da hörmət olunmalıdır. Sadəcə, bu prosesi tənzimləmək üçün normal hüquqi qaydalar müəyyənləşməlidir. Eyni zamanda ola bilər ki, dövlət səviyyəsində psixoloji xidmətlər, müraciət edən ailələr üçün psixoloqlar ayrıla bilər. Yəni onlara fikirlərinin, düşüncələrinin dəqiqləşdirilməsi, qərarlarının əminliyi üçün belə bir şans tanımaq olar. Amma digər tərəfdən, tamamilə öz hüquqlarıdır ki, münasibəti bir yerdə qanuni şəkildə dayandırsınlar.

- Bu məsələ sosial şəbəkələrdə müzakirə olundu və diqqətçəkən məqamlardan biri də bu oldu ki, yetkinlik yaşına çatmış insanlar münasibətdə olurlarsa, onlar üçün müqavilənin olub-olmaması şərt deyil... 

- Mən də şəxsim adına deyə bilərəm ki, bunu dəstəkləyirəm. Əgər insan yetkindir, qərarını veribsə, hər hansı bir cəzanın, qaydaların onun qərarına heç bir aidiyyatı olmamalıdır.  Əslində bu, məsələ daha çox fərqli düşünən bir qrup insana pis gəlir. Çünki əgər ortada qayda və qanunlar varsa, insanlarda belə bir fikir yaranır ki, bu, məcburi bir şeydir. Onlar da, həqiqətən, öz daxillərindən, öz düşüncələrindən gələn o addımları məcburi bir formata çevirmək istəmirlər. Ona görə də hətta bu fikri özlərindən uzaqlaşdırırlar. Cəmiyyətdə isə belə bir fikir var ki, ailə qurulursa, mütləq rəsmi olmalıdır. Qanuni formada olmayan münasibətlərə çox pis baxırlar. Bizim cəmiyyətdə bu, düzgün olmayan bir şəkildə təqdim olunur. Amma biz dünyada bir çox nümunələrə rast gəlirik. Məsələn, Şakiranın özü. Şakira həyat yoldaşı ilə evlənməmişdi, amma uzun illərdir ki, bir yerdədirlər, onların övladları da var, hər şey də çox normaldır. Dünyada çoxlu belə ailələr var. Bəlkə də, Azərbaycandakı bir çox ailələrdən daha xoşbəxtdirlər. Amma Azərbaycanda belə bir şey yoxdur, əgər varsa da, cəmiyyətdə əxlaq çərçivələrində düzgün qəbul olunmayan münasibət hesab olunur...

- Bu qərar təklif olunanda əsasən boşanmalar mövzusuna toxunmuşdular. Bir çoxları düşünür ki, burada erkən nikahlar da əsas rol oynayır...

- Erkən nikahlar boşanan evliliklərin əsas hissəsini təşkil edirlər. Mən düşünürəm ki, erkən nikahlar əsasən məcburi nikahlardır. Əgər bir insan lap özünün qərarı kimi görünsə belə, erkən bir yaşda ailə həyatı qurubsa, demək, ona yetkinləşmə şansı verməyən, onu hansısa formada həvəsləndirən, aldadan, anlıq hislərindən, düşüncələrindən istifadə edib ailə qurmağını dəstəkləyən adamlar var. Nəticədə bu bir məcburi nikahdır. Çox yaxşı bir haldır ki, əgər həqiqətən də, sonradan alınmırsa, bu insanlar əvvəl-axır öz qərarlarını verəbiləcək vəziyyətə gəlib çatırlar. Bu, yaxşı bir haldır.

Arqument.Az