Əli Kərimlinin bacanağı beynəlxalq axtarışa verildi

Əli Kərimlinin bacanağı beynəlxalq axtarışa verildi

15-12-2017 15:33 / Bu xəbər 1888 dəfə oxundu

Baş Prokurorluq dekabrın 14-də Rauf Hüseynov adlı şəxsin İnterpol xətti ilə beynəlxalq axtarışa verilməsi haqda məlumat yayıb. 

Məlumatda bildirilir ki, onun barəsində CM-nin 320-ci (Rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya istifadə etmə) maddəsinin birinci və ikinci bəndləri ilə cinayət işi başlanıb. 

R.Hüseynov Azərbaycanda həyat yoldaşı Amaliya Seyidova ilə birlikdə polis idarəsinə çağrılması, şübhəli şəxs qismində dindirilməsi haqda saxta sənəd hazırlamaqda suçlanır.

R.Hüseynov hazırda Avropa ölkələrindən birində məskunlaşıb. Baş Prokurorluğun məlumatında iddia olunur ki, sənədlər də məskunlaşdığı ölkənin miqrasiya orqanlarına təqdim olunmaq üçün hazırlanıb.

Prokurorluğun məlumatında adları çəkilən şəxslər AXCP sədri Əli Kərimlinin qohumlarıdır – A.Seyidova baldızı, R.Hüseynov isə onun həyat yoldaşıdır.

Ə.Kərimli prokurorluğun məlumatında yazılanları özünə və qohumlarına qarşı təzyiq, qarayaxma kampaniyasının davamı kimi qiymətləndirir.

AXCP mətbuat xidmətindən AzadlıqRadiosuna bildirilib ki, R.Hüseynov özü də uzun illərdir partiyanın üzvüdür, Milli Şuranın keçirdiyi mitinqlərin təşkilində aktiv iştirak edənlərdən biridir:

"Mitinqlərdə istifadə olunan səsgücləndiricilərin tapılması, təmin olunması məsələsinə o baxırdı. 2016-cı ilin 11 sentyabr mitinqindən sonra aksiyalarda fəal iştirak etmiş AXCP funksionerlərinə qarşı kütləvi təzyiqlər başlandı. Həmin vaxt partiyanın 254 nəfər fəalı polis idarələrinə çağrılıb hədələnmişdi, hətta bəziləri həbs olunmuşdu. Onların arasında Rauf Hüseynov da vardı. Rauf Hüseynov dəfələrlə təzyiqlərə məruz qalandan sonra Əli Kərimlinin qaynı Elnur Seyidovun heç bir günahı olmadan altı ildir həbsdə saxlanmasını, Qənimət Zahidin, Emin Millinin, Günel Mövludun, Natiq Ədilovun yaxınlarına qarşı repressiyaları nəzərə alaraq, ölkəni tərk edib".

AXCP bir müddət öncə jurnalist Fikrət Hüseynlinin Ukraynada saxlanılıb, Azərbaycana gətirilməsi cəhdini yada salaraq, iqtidarın siyasi mühacirlərə qarşı İnterpol-dan istifadə etdiyini deyir.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində xarici ölkələrdə siyasi sığınacaq alınması məsələsi ilə bağlı cinayət işi başlanıb. Prokurorluq bir sıra hallarda xarici dövlətdə oturum almaq üçün istifadə olunan sənədlərin saxtalaşdırıldığını iddia edir. Cinayət işinin istintaqı davam edir.

Azadlıq Radiosu