Erkin Qədirli ilə bağlı qadağa aradan qaldırıldı - YENİLƏNİB

Erkin Qədirli ilə bağlı qadağa aradan qaldırıldı - YENİLƏNİB

17-06-2016 12:20 / Bu xəbər 2724 dəfə oxundu

Respublikaçı Alternativ Hərəkatının İdarə Heyətinin üzvü, hüquqşünas Erkin Qədirlinin ölkədən çıxışına qoyulan qadağa götürülüb.

Arqument.Az xəbər verir ki, bu barədə məlumatı Erkin Qədirli feysbukda yayıb: "Məni çağırmışdılar Bakı Şəhər Baş Polis İdarəsinə. İndicə oradan qayıtdım. Mənimlə nəzakətlə davrandılar, üzr istədilər. Dedilər ki, ölkədən getməyimlə bağlı qadağa olub, amma yanlışlıqdan zamanında götürülməyib. ReAl-ın flayerlərilə bağlı mənə, Altay Göyüşov, Natiq Cəfərli, Azər Qasımlı və Xalid Bağırova belə qadağa qoyulmuşdu. Mənimlə görüşən Cinayət Axtarışı Şöbəsinin rəisi dedi ki, rəhbərliyin tapşırığıyla anlaşılmazlığa görə üzr istənilir və hamımızın üzərindən ölkədən getməklə bağlı qadağa götürülür. Batmış biletə görə dəymiş maddi ziyanın əvəzi kimi, mənə yeni biletin veriləcəyi söylənildi".
 
***
 
Respublikaçı Alternativ Hərəkatının İdarə Heyətinin üzvü, hüquqşünas Erkin Qədirlinin ölkədən çıxışına qadağa qoyulub.

Arqument.Az xəbər verir ki, bu barədə məlumatı Erkin Qədirli yayıb.

Erkin Qədirlinin sözlərinə görə, bu gün səhər Türkiyəyə istirahətə gedəcəkmiş : "Hava limanında uçuşa qeydiyyatdan və sərhəd yoxlamasından keçmişdim (pasrpotuma çıxışa icazə verən möhür vurulmuşdu). Amma sərhədi keçdiyim an məni dayandırdılar. Dedilər ki, möhür yanlış vurulub, ölkədən çıxmağıma qadağa qoyulubmuş. Pasportumda çıxışa icazə verən möhürün üstündən "Ləğv olundu" vurdular və məni geri qaytardılar.

Qadağanın kimin tərəfindən və nəyə görə qoyulduğunu sərhədçilərdən öyrənə bilmədim. Bilmədiklərini dedilər. Kredit borcum, ödənilməsi üçün nəzərdə tutulmuş qanuni müddətin buraxıldığı cəriməm, vergi orqanlarıyla problemim, məhkumluğum yoxdur, heç bir istintaqa cəlb olunmamışam, məndən iltizam da alınmayıb. Sərhədçilərdən biri, qadağanın "mənim xariclə əlaqələrimə görə" kimi ifadə etdiyi ümumi və heç bir anlam daşımayan gumanı söylədi".

Erkin Qədirli qeyd edir ki, bu qadağa "Qanun" nəşriyyatından qanunsuz olaraq polis tərəfindən götürülmüş ReAl-ın flayerləriylə bağlıdır: "Sifariş müqaviləsini imzalayanlardan biri mən olmuşam. Həmin flayerlərlə bağlı bizi polisə də çağırmışdılar. İndi məlum oldu ki, ölkədən getmək qadağası da qoyulubmuş. AZAL-ın hava limanındakı ofisi bileti geri götürməkdən imtina etdi. Gərək indi bunlara görə məhkəməyə şikayət edim".

Arqument.Az