Ermənistanda nə baş verir?

Ermənistanda nə baş verir?

23-04-2018 00:00 / Bu xəbər 2713 dəfə oxundu

Ermənistanda aprelin 13-dən başlayan və Serj Sərkisyanın baş nazir seçilməsinə etiraz olaraq keçirilən aksiyalar davam edir. 

Erməni mətbuatının yazdığına görə, aksiyalara 10 minlərlə insan, əsasən də universitet tələbələri və müəllimləri qatılıb. 

Mitinqə bu gün saxlanılan deputat Nikol Paşinyanın "Vətəndaş Razılaşması" Partiyasının üzvü Alen Simonyan rəhbərlik edir.

Serj Sarkisyan ölkədə baş verənləri təhlükə adlandırıb. Hətta 21 aprel günorta saatlarında müxalif liderlər Nikol Paşinyan, Ararat Mirzoyan və Sasun Mikayılyan həbs edilib.

Nikol Paşinyan baş nazir Serj Sarkisyanla görüşdən sonra saxlanılıb. Onlar asayişi pozmaqda ittiham edilirlər. İrəvanın Erebuni rayonunda polislə aksiyaçılar arasında toqquşma baş verib. Bir neçə nəfər xəsarət alıb, 200-dən çox aksiya iştirakçısı saxlanılıb. Toqquşmaların qarşısını almaq üçün keşişlər polislə aksiya itirakçıları arasında sipər çəkiblər. 

Prokurorluq isə daha iki deputatın - Sasun Mikaelyan və Ararat Mirzoyanın da saxlanıldığını açıqlayıb. 

Ermənistanda baş verən hadisələr Azərbaycan ictimaiyyətində də müzakirəyə səbəb olub. 

"Bu gün Ermənistan saytlarını xeyli araşdırdım, müxtəlif mənbələrə baxdım, vəziyyət ciddidir".

Bunu iqtisadçı ekspert Natiq Cəfərli feysbuk hesabında yazıb. 

Onun sözlərinə görə, polislər avtobus sürücülərini həbs edilənləri polis məntəqəsinə aparmağa məcbur edə bilmirlər, sürücülər imtina edir: "Sərkisyan kimə xalq və əməkdar artist adı vermişdisə, hamısı bu adlardan imtina edib. Təkcə bu gün 23 nəfər bu addımı atıb. Universitet müəllimləri, professorlar tələbələrə dəstək verib, tətil elan ediblər, kilsə  hakimiyyəti xalqı dinləməyə çağırıb. Ölkədə yayımlanan bir neçə TV kanal isə etirazları canlı göstərir".

Ekspert artıq bir neçə şəhərin, rayonun bələdiyyə sədrlərinin də etirazçılara qoşulduğunu bildirib: "Korrupsioner və cani olan Sərkisyan otellərin birində etirazçıların lideri ilə görüşdü və görüş canlı yayımda TV-lərdə göstərildi. Sərkisyan tənqidə dözməyib görüşdən qaçdı. Bundan sonra Parlamentin bir neçə deputatı etirazçılara qoşulduğunu elan edib. Hazırda İrəvanın mərkəzində 200 minə yaxın insanın iştirakı ilə etiraz mitinqi keçirilir".

Ekspert vurğulayıb ki, əgər ermənilər Sərkisyanı qovub demokratik, Qərbyönümlü hakimiyyət qursalar, bizim işimiz çox ağır olacaq: "Ermənistanda etirazı gənclər edir, müstəqillik illərində doğulmuş, artıq 20-30 yaşı olan, heç bir avtoritet qəbul etməyən, yay tətillərini ABŞ-da, Fransada, Avropada qohum-əqrabalarında qonaq qalıb o havanı alan gənclər! Avtoritar, illərdir hakimiyyətdə olan "elitaların" ən böyük səhvi odur ki, nəsil dəyişimini görmürlər, hiss etmirlər, anlamırlar. Beləliklə də əvvəl reallıq hissini, sonra da kreslolarını itirirlər".

"Vəziyyəti mürəkkəbləşən Serj Sərkisyan "Qarabağ kartın"dan istifadə etməyə çalışır".

Bu sözləri isə politoloq Elxan Şahinoğlu yazıb.

O bildirib ki, Sərkisyan Qarabağa görə baş nazir kreslosuna əyləşdiyini iddia edib: "Bir neçə gün əvvəl Sərkisyan Ermənistanda vəziyyət gərginləşərsə, Azərbaycan ordusunun hücuma keçməsi ilə bağlı açıqlamalar verərək xalqı sakitləşdirməyə çalışırdı. Sərkisyanın bu oyununa Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan da doşulub. Əvvəlcə separatçılar görüntülər yayıblar ki, guya Azərbaycan ordusunun tankları və zirehli texnikası təmas xəttinə yaxınlaşıblar. İkincisi, Bako Saakyan özü də açıqlama verərək Ermənistandakı xaosun Dağlıq Qarabağ üçün mənfi nəticələri ola biləciyi barədə xəbərdarlıq edib". 

"Doğrudur, ordumuz həmişəki kimi hazır vəziyyətdədir, hərbi texnikamız da həmişəki kimi hərəkətdədir, dislokasiya yerini daima dəyişir, üstəgəl niyə gizlədək işğalçı dövlətdə başlanan qovğanı maraqla izləyirik. Əlbəttə ki, Ermənistanda bu ölkədə doğulan siyasətçinin hakimiyyətə gəlməsini istəyirik. Ümid edirik ki, həmin siyasətçi Köçəryan-Sərkisyan cütlüyünün Ermənistanı 20 illik girovluğuna son qoysun və bizimlə normal danışıqlara başlasın", - E. Şahinoğlu vurğulayıb. 

Bu gün, aprelin 22-də S. Sərkisyan və müxalifət lideri Nikol Paşinyan arasında görüş keçirilib. Cəmi 3 dəqiqə davam edən görüşdə N. Paşinyan S. Sərkisyanın istefa verməsini tələb edib. S. Sərkisyan isə bu tələbi qəbuledilməz adlandırıb və görüşü tərk edib. Bundan sonra N. Paşinyan saxlanılıb.///toplum.tv