"Evimə gələn oğrunu polisə təhvil verdim, mənə cinayət işi açdılar" - Orta məktəb müəllimi

22-02-2018 14:41 / Bu xəbər 2589 dəfə oxundu

İmişli rayon İ.Əliyev adına Qulubəyli kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Şəmmədli Elşən Şükür oğlu məmur özbaşınalığından şikayətçidir. 

E.Şəmmədli Arqument.Az-a göndərdiyi müraciətdə qeyd edir ki, evində oğurluq edən şəxslərlə bağlı polisə şikayt etsə də, sonda onun özünə cinayət işi açıblar.

Müəllimin müraciətini olduğu kimi təqdim edirik:

"2017-ci ilin iyul ayında şübhəli şəxslər dəfələrlə evimə soxulmağa cəhd göstəriblər, hətta anamı yatdığı yerdə boğmaq istəyiblər. Azyaşlı iki uşağımı və həyat yoldaşımı mən evdə olmayan vaxtlar gecə saatlarında qorxudublar. Hətta azğınlaşaraq hədə-qorxu ilə xalam Seyidova Zümrüddən pul tələb ediblər. 11.08.2017-ci  il tarixində gecə vaxtı ailə üzvlərimlə birlikdə pusqu qurmuşuq. Evə daxil olmaq istəyən iki nəfər şübhəli şəxs qaçsa da, şübhəli şəxslərdən üçüncüsünü - Şahbazov Əfqan Əlqəmə oğlunu yaxalamışdıq. Əfqanı tutarkən bizə müqavimət göstərib. Ona görə də əl-ayağını bağlayaraq  DİN-in 102 xidmətinə məlumat vermişik. İmişli RPŞ-nin polisləri gələrək sağlam şəkildə Əfqanı aparıblar. 

Əfqan tutularkən bura tək gəlmədiyini, məqsədli şəkildə gəldiyini, kirvəsi Farizin, Əmisi oğlu Şahbaz Şahbazovun onu tutulmağa qoymayacağını bildirdi. Məni və ailə üzvlərimi öldürməklə hədələdi. Həqiqətən də, Əfqanın dediyi kimi oldu. Əfqan kirvəsi polis sistemində işləyən Farizin, əmisi oğlu Şahbaz Şahbazovun və dayısı Nağıyev Pirəlinin sifarişi ilə ağır xəsarət almış şəxs qismində xəstəxanaya yerləşdirildi. Bizi cinayət məsuliyyətinə cəlb etmək məqsədi ilə həkim E.Qasımov tərəfindən Şahbazov Əfqana "Qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi” diaqnozu qoyuldu. Səhiyyə nazirliyinə müraciət edərək sağlam birini - Şahbazov Əfqan Əlqəmə oğlunun xəstə adı ilə İmişli Xəstəxanasında yatırılaraq cinayət məsuliyyətindən kənarlaşdırılması faktı ilə bağlı müraciət etdik. Nəticədə Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji –Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin səyi nəticəsində Şahbazov Əfqana saxta diaqnoz qoyulması sübuta yetirildi.

Polis işçiləri Əliyev Elsevər Orucəli oğlu və Zülfüqarov Bəhruz isə işə qeyri-obyektiv yanaşaraq məni və ailə üzvülərimi Əfqana tutarkən xəsarət yetirməkdə və əl-ayağını bağlamaqda günahkarlandıraraq işin gedişini Əfqanin xeyrinə dəyişməyə çalışdılar və özləri də bildirdilər ki, işi Əfqanı xeyrinə dəyişmək üçün onlara çoxlu SMS-lər yazılıb, zənglər edilib. Oğurluq hadisəsini ört-basdır etmək üçün mənim və ailəmin şərəf və ləyaqətini alçaltmağa, cəmiyyət içində mənə qarşı mənfi ictimai rəy formalaşdırmağa cəhd göstərdilər. Qeyd edim ki,  Əfqan və onun köməkçilərinin dəfələrlə kənd sakinlərindən oğurluq etmələri müəyyənləşərək poliis şöbəsinə aparılsalar da  kimlərinsə himayəsi nəticəsində məsuliyyətdən kənar qalıblar.

12.08.2017-ci il tarixində saat 00 55 radələrində polis şöbəsində Əliyev Elsevər tərəfindən izahatım alınarkən yoldaşım Zinhar mənə zəng edərək Əfqanın qardaşı Şahbazov Zülfüqarın və qardaşı oğlu Şahbazov Pəhlivanın həyət basqın edərək evi daşlamalarını və bundan çox qorxduqlarını bildirdi. Bunu Əliyev Elsəvər bilsə də, heç bir qabaqlayıcı tədbir görmədi həmin şəxslərə zəng edərək ordan uzaqlaşmalarını xahiş etdi.  Evə gələrkən gördüm ki, 2 yaşlı oğlum Şükür qorxaraq özünü nərdivandan ataraq fiziki  xəsarət alıb və psixoloji sarsıntı keçirib.

Onu da qeyd edim ki, İmişli Polis söbəsinin polisləri Əliyev Elsəvər və Zülfüqarov Bəhruz oğurluq edərkən yaxalanan Şahbazov Əfqanı cinayət məsuliyyətindən kənarlaşdırmaq məqsədi ilə bizə: "Şikayətinizi geri götürməsəniz, elə edəcəyik, sizdən də 3 nəfər tutulacaq və özünüz də biabır olcaqsınız”, - dedilər. Bizim şərəf və ləyaqətimizi təhqir etməkdən belə çəkinmədilər. Onların deməyinə görə, guya tutulan şəxsi telefonla mənim həyat yoldaşım  evə çağırıb. Mən yoldaşımın telefon nömrəsini həmin şəxslərə verdim ki, Azərcell  şirkətindən yoxlatdırsınlar. Ancaq onlar bunu etməyə tələsməmələri biryana, mənim yoldaşımdan izahat alarkən onun üstünə günahkar şəxs kimi gedərək daxili sarsıntı keçirməsinə səbəb olublar. Yoldaşım hazırda böyük psixi sarsıntı keçirtdiyindən intihar həddinə çatıb. Özündən gedir, əsəb keçirdirdir. Nəticədə  həyat yoldaşım Zinhar Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində "Posttravmatik stress pozuntusu F43.1 "diaqnozu ilə bu günə qədər müalicə alır. Həyat yoldaşımın telefon nömrəsi mənim adıma olduğundan mən Azercelldən o nömrədən gedən zənglərin son üç ay üçün cədvəlini çıxartdırdım. Onların iddialarının şər və böhtan olduğu rəsmi qaydada isbat olundu.

Şahbazov Əfqan və onun  qohumları məni və ailə üzvlərimi dəfələrlə ictimai yerlərdə, hətta Polis şöbəsində polislərin yanında öldürməklə hədələyib. Buna görə də Polis Şöbəsinə, Prokurorluq orqanlarına və Məhkəməyə mənim və ailəmin təhlükəsizliyinin təmin olunması, Əfqan və tərəfdarları barədə ölçü götürmələri barədə yazılı müraciət etmişəm.

Bu günə qədər İmişli Rayon Polis Şöbəsinin evimə basqın təşkil edərək, anamı boğub öldürməyə cəhd göstərmiş digər iki nəfəri və bu işin təşkilatçısını tapıb üzə çıxarmağa cəhd belə göstərməməsi, 12.08.2017-ci il tarixində evimə basqın edərək iki yaşlı oğlum Şükürün xəsarət almasına, ailə üzvlərimin qorxudulmasına səbəb olan Şahbazov Zülfüqar və Şahbazov Pəhlivan haqqında heç bir hüquqi ölçü götürülməməsi, mənə və ailə üzvlərimə təzyiq göstərmək məqsədi ilə bizə hədə-qorxu gələn və işlə bağlı onlara təqdim olunan sübutları itirən,izahat alarkən həyat yoldaşımı dəli olma və intihar etmə həddinə çatdıran polis tətqiqatçıları Əliyev Elsəvər və Zülfüqarov Bəhruz haqqında dəfələrlə şikayət etməyimizə baxmayaraq, heç bir tədbir görülməməsi bir zərərçəkmiş kimi bizi çox narahat edir.

Bütün bunlar azmış kimi həyətimdən oğurluq edərkən tutaraq polisə təhvil verdiyimiz Şahbazov Əfqan Əlqəmə oğlu barədə cinayət məcəlləsinin 29, 177.2.3 və 182.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində haqqında həbs-qətimkan tədbiri seçilməsi barədə İmişli Rayon prokuroru Pənah Abbasovun təqdimatına baxıldığı 06.12.2017-ci il tarixli məhkəmə iclasına telefonla zərərçəkmiş şəxs qismində çağırılaraq hakim köməkçisi Süleymanov Vüqar Yavər oğlu tərəfindən məhkəmə zalına dəvət edilmişik. Lakin məhkəmənin sədri Qurban Hacıyevin bizi təhqir edərək iki saata yaxın məhkəmə zalında həbs edib, sonradan məhkəmə iclasının gedişində iştirak etməyən və hadisənin şahidi olmayan məhkəmə işçilərinin iştirakı ilə tərtib etdiyi akt əsasında bizə cinayət işi açdırıb. Həqiqətin üzə çıxarılması, bizə qarşı qaldırılan iddianın şər və böhtan xarakterli olmasını sübut etmək məqsədi ilə hadisəni özündə olduğu kimi əks etdirən əsas sübut - məhkəmə binasının və zalının müşahidə kamerası tərəfindən aparılan video görüntülərin istintaq materialına sübut kimi əlavə edilməsini tələb etsək də, müstəntiq bizə bildirdi ki, hadisəni əvvəldən axıra kimi video görüntü şəklində çəkən müşahidə kameralarının yaddaşı  silinib.  

Qanunları və Cinayət Prosessual Məcəlləni bilməli olan və ona əməl etməyi vətəndaşlardan belə tələb etməyə səlahiyyətli bir şəxs – Qurban Haciyev  bizə qarşı cinayət işi açdırdığı halda, görəsən, özü hadisənin əsas sübut etmə vasitəsi olan mühafizə kameralarının video görüntülərini nə məqsədlə sübut kimi istintaq aparan orqana təqdim etmək əvəzinə, onu silərək məhv etdirib? 

İmişli Məhkəməsinin binası dövlətimizin göstərdiyi diqqət və qayğının nəticəsində müasir və hər cür texniki avadanlıqla təchiz olunub. Lakin məhkəmənin onlara göndərilən sorğuya cavablarından məlum olur ki, sən demə məhkəmə binasındakı müşahidə kameraları çəkdikləri görüntüləri yaddaşda saxlaya bilmir. Onlar müstəntiqin müşahidə kameralarının görüntüsünü sübut kimi tələb etməsinə və nə səbəbə bu sübut istintaqa təqdim olunmaması ilə bağlı sorğusuna İmişli məhkəməsi məhkəmə binasında qurulan müşahidə kameralarının yaddaş olmadığını bildirirlər. Onların bu cavablarına birinci sinif şagirdi belə inanmaz. Onlar da yaxşı bilirlər ki, müxtəlif müşahidə kameralarının görüntülərini cəmləyərək monitora ötürən cihazın yaddaşı olmaya bilməz. Görüntülərin olması Məhkəmə işçilərinin və Məhkəmənin sədri Qurban Hacıyevin işinə yaramır. Görüntülər sübut kimi istintaqa verilsə, o zaman Şahbazov Abdulla kimi məhkəmə binasında qeyri-qanuni fəaliyyət göstərən insanları gizlətmək olmaz və Bizim kim zərərçəkmiş şəxslərə təzyiq göstərmək məqsədi ilə yalançı şahidlərin köməyi ilə cinayət işi açmaq onlar üçün çox çətin olardı. 

Qeyd edim ki, bizim haqqımızda akt tərtib edən və şahid qismində üzümüzə duran Məhkəmə icraçıları Cəfərov Elşən, Ağasıyev Ramil, Allahverdiyev Səlim  və vəkil Yusif Nərmanov heç də hadisənin şahidi olmayıblar, çünki həmin vaxt onlar məhkəmə binasında yox idilər. Adıçəkilən şəxslər məhkəmə binasına sonra gəliblər və bəzilərini də Şahbazov Abdulla Tofiq oğlu öz maşını ilə gətirib. Müşahidə kameralarının görüntüləri məhv edilməsəydi bu faktları istintaqdan gizlətmək olmazdı.

İmişli sakinləri Qurban Hacıyev və onun işçilərinin qanunsuz əməllərindən cana yığılıb. Qanunlarımız hakimlərə yüksək səlahiyyəti vətəndaşların hüquqların qorumaq üçün, yoxsa bu hüquqları pozmaq üçünmü verib? Qurban Hacıyev özünü orta əsr feodal xanları kimi aparır.

Bu gün Baş Prokuror Zakir Qaralov İmişli rayon Prokurorluğunun inzibati binasında vətəndaşları qəbul edirdi. Mən də yuxarıda sadaladığım hüquq pozuntularının araşdırılaraq hüquqi qiymət verilməsi arzusu ilə qəbula yazıldım. İmişli rayon prokuror köməkçisi Famil Soltanov tərəfindən ilk qəbula yazılanlardan biri də mən oldum. Bizi Prokurorluğun inzibati binasının yanında yerləşən Şahmat Mərkəzinin  binasına apardılar ki, oradan növbə ilə qəbula çağırsınlar. Lakin əvvəlcədən öz seçdikləri 4-5 nəfər insanı qəbula çağırsalar da, qapını bağlayaraq, Şahmat mərkəzində saxladılar. Müxtəlif rayondan gəlmiş onlarla insanın hüquqları kobud şəkildə pozuldu. Şahidi olduğum qanunsuz hərəkətlərin video-görüntüsünü telefonla çəkmək istəsəm də, mənə təzyiq göstərildi, zorla telefonum əlimdən alınaraq çəkdiyim görüntünü pozmağa cəhd göstərdilər. Məcbur qalıb telefonumda çəkdiyim görüntünü silməli oldum, ondan sonra məni rahat buraxdılar..."

Yazıdakı iddialarla bağlı adıçəkilən şəxslərin və qurumların da mövqeyini dərc etməyə hazırıq.