Fransız yox, Azərbaycan xalqı kef eləyir...

Fransız yox, Azərbaycan xalqı kef eləyir...

08-05-2018 18:25 / Bu xəbər 2723 dəfə oxundu

Ayşən Altay

Bu yaxınlarda bir məqalə tərcümə edirdim. 

"Employé (e)" sözü ilə qarşılaşdım və lüğətdə axtarmaq məcburiyyətində qaldım. 

Employé (e) - fransız dilindən tərcümədə "qulluqçu" , "məmur" demək imiş...

Təəccübləndim, açığı, bir az da gülmək tutdu. Bu iki sözün yan-yana durması məni yaman güldürdü. Qınamayın, evdə bişməyib, qonşudan da gəlməyib. Bizdə məmur deyəndə ağla qulluqçu gəlmir. Ona görə belə əndirəbadi vəziyyət alındı, deyəsən. 

Ərinməyib yenidən sözləri axtardım. Gördüm yox, elə düz görmüşəm. Yoxsa ki, "şübhələnmişdim" əməllicə ki bunlar lüğətə səhvən "qulluqçu" yazıblar.

Qulluqçu - müxtəlif sahələrdə işləyən işçi deməkdir.

Bəs məmur nə deməkdir? 

Məmur - dövlət idarələrində çalışan qulluqçu, xidmətçi deməkdir. Müəyyən vəzifəyə görə tapşırıq, müəyyən bir işə görə əmr almış şəxsdir. Yəni xalqa qulluq edən şəxsdir.

Bizdə hər şey kağız üzərində qaldığı kimi , bunlar da kağız üzərində qalan sözlərdir. Ay qadan alım, məmur nədir qulluqçu olmaq nədir? Biz gözümüzü açandan, ağlımız kəsəndən məmurlara bir Tanrı kimi baxmağı, onlara itaət etməyi, onlardan qorxub çəkinməyi öyrənmişik. 

Qədim Misirdə , Yunanıstanda, bəlkə də, bizim qədər tanrı olmayıb. Çoxallahlılıq bizdə müasir dövrdə də dəbdədir. Amma bir incə məqam var: qədimdə insanlar tanrılardan həm qorxur, həm itaət edir, həm qurbanlar kəsir, həm də onlara pənah aparır, ümid edirdilər. Biz isə tanrılarımızdan qorxuruq, çəkinirik, itaət də edirik, amma nə pənah apara bilirik, nə də ümid bağlaya... 

Bizim tanrılar zülmkar və istismarçı tanrılardır. Bir az da mazoxistdirlər. Zülmkarlıqlarından fövqəladə bir ləzzət alırlar. Biz dayanmadan qurbanlar veririk, itaət edirik, amma onlar istismarı daha da artırırlar.

Bizim tanrılara qulluqçu kimi müraciət etmək onlara həqarət etmək kimi bir şeydir. Nolar ki Tanrı olanda? Bəndələri Tanrılara qulluq etdiyi kimi, Tanrılar da bəndələrinə qulluq etməlidir. Amma di gəl, belə bir şeydən nəinki söhbət gedə bilər, bu barədə düşünmək belə "günahdır".

Biz artıq "öyrədilmiş çarəsizlik" sindromlu bəndələrik. Belə qəbul etmişik, belə gəlib, belə gedir, belə də gedəcək, getməlidir sanki...
Bizim Tanrılar zülmkarlıq, özbaşınalıq simvoludur.

Bax, yenə yadıma düşdü o iki sözün bir arada yanaşı durması, əsəbiləşdim... 

Məmura qulluqçu demək "ayıbdır". Biz hər gün "növbəti məmur özbaşınalığı", "filan məmurun filan-filan yerlərdəki mülkü, villası, filan-filan, banklardakı pulu aşkarlanıb (araşdırma)" , "yenə məmur övladı özbaşınalığı can aldı", " məmur övladlarının lüks həyatı (fotolar)" tipli xəbərlər oxuyan adamlarıq. Heç qulluqçu maaşı ilə əməkhaqqı müqabilində belə şeylər ola bilərmi?

Bu fransızlar da hər şeyə "fransız " qalırlar da. Utanmayıb bizə də hələ sözü iki antonim məna ilə verirlər... Daha başa düşmürlər ki, möhtərəm məmurlar sayəsində fransız xalqı yox, məhz Azərbaycan xalqı kef eləyir... Bu avropalılar da əbləh uşağı əbləhdirlər, tobaaaaa...
 
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.