"Gənclər Vidadi İsgəndərlidən intiqamı bu cür alıb" - Siyavuş Novruzov

05-03-2018 20:25 / Bu xəbər 2964 dəfə oxundu

"O, özünü xalqa qarşı doğru aparmadığı üçün belə hallar baş verir''

Demokratiyanın Müdafiəsinə Kömək İctimai Birliyinin rəhbəri, hazırda mühacirətdə olan hüquq müdafiəçisi, sabiq vicdan məhbusu Vidadi İsgəndərlinin atasının məzarı təhqir olunub. Bu barədə sosial şəbəkələrdə videogörüntü yayılıb. Həmin görüntüdə bir neçə gənc məzarlığa gedərək qəbri təhqir edir və məzarın Vidadi İsgəndərlinin atasına məxsus olduğu bildirilir. Şəxslər bunu hazırkı prezident İlham Əliyev və eks-prezident Heydər Əliyevi dəstəklədikləri üçün etdiklərini deyir, hakimiyyəti tənqid edən Vidadi İsgəndərlini bu cür cəzalandırdıqlarını bəyan edirlər.

Məsələ sosial şəbəkələrdə geniş müzakirə olunsa da, rəsmi qurumlar hər hansı açıqlama verməyiblər. Vidadi İsgəndərli isə bunu siyasi sifariş kimi qiymətləndirib və günahkarların cəzalandırılması üçün dövlət başçısına 2 gün möhlət verdiyini bəyan edib. Onun sözlərinə görə, edilən hərəkətə görə hər hansı hüquqi addım atılmazsa, bu barədə beynəlxalq ictimaiyyəti məlumatlandıracaq.

Məsələyə deputat, hakim Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini Siyavuş Novruzov münasibət bildirib. Deputat "Sfera.az”-a müsahibəsində deyib ki, Vidadi İsgəndərli Azərbaycan xalqını təhqir etdiyi üçün bir qrup gənc ondan intiqamını bu cür almağa çalışıb:

"Gərək hər bir insan mübarizəsini kişi kimi aparsın. Daha Vidadi İsgəndərli kimi, ayrı-ayrı insanların şəxsi həyatını, ailəsini və qohumlarını öz çirkin mübarizəsinə şərik etməməlidir. Bu, etik normalara sığmayan hərəkətdir. Ay Vidadi İsgəndərli, siyasi mübarizəni belə kişi kimi aparmaq lazımdır! İndi qaçıb Avropada gizlənmisən deyə, insanların ailəsi və övladları haqqında çirkin, əxlaqsız və yalan fikirlər söyləməlisən? Axı sənə kim ixtiyar verir ki, insanların şəxsi həyatlarını öz çirkin mübarizənə qoşursan? Belə olanda da bu cür xoşagəlməz nəticələr ortaya çıxır. Hər kəsin bir xasiyyəti var, birinin əsəbləri dözür, birinin isə dözmür. Vidadi İsgəndərli öz hərəkətlərinə fikir versəydi, Azərbaycan xalqını təhqir etməsəydi, o zaman nəticəsi də belə olmazdı. O, özünü xalqa qarşı doğru aparmadığı üçün belə hallar baş verir”.

S.Novruzov siyasi mövqeyindən asılı olmayaraq, hər bir qanunazidd əməl törətmiş şəxslər barəsində hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırmalar aparıldığını söyləyib:

"Vidadi İsgəndərlinin atasının məzarı ilə bağlı hüquq-mühafizə orqanları müvafiq araşdırmalar aparacaq. Ancaq həmin Vidadi İsgəndərli mütəmadi olaraq Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları haqqında da təhqiramiz ifadələr işlədir. O, təkcə hüquq-mühafizə orqanları əməkdaşları haqqında deyil, müxtəlif vəzifəli şəxslər, siyasi partiya rəhbərləri və ictimaiyyət nümayəndələri haqqında da olmazın fikirlər səsləndirir. Təbii ki, bütün bunlar onun tərbiyəsinin və əxlaq səviyyəsinin necə olmasından xəbər verir”.

Vidadi İsgəndərli yaydığı videogörüntülərdə əsasən Azərbaycan hakimiyyətində təmsil olunan şəxslər haqqında danışır.

Vəkil Qurban Məmmədov martın 4-də prezidentin köməkçisi Əli Həsənova, Daxili İşlər naziri Ramil Usubova və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə məlum hərəkətləri edənlərin tapılıb cəzalandırılması ilə bağlı video-müraciət edib. Qurban Məmmədov hesab edib ki, cəzalanma olmasa, olayın məsuliyyəti hakimiyyətin üzərində qalacaq və bu gedişat vətəndaş qarşıdurmasına apacaq.