Jurnalist Elton Quliyev haqda film çəkdi

Jurnalist Elton Quliyev haqda film çəkdi

08-06-2018 19:21 / Bu xəbər 8178 dəfə oxundu

"Bir xəyalın gerçəkləşməsi” adlı film peşəsinə xəyanət etməyənlərə həsr olunur

Müstəqil jurnalist İzolda Ağayeva mərhum vəkil Elton Quliyev haqqında film çəkib.

"Bir xəyalın gerçəkləşməsi” adlı 55 dəqiqəlik sənədli filmdə jurnalist Elton Quliyevin portretini yaratmağa çalışıb.

Filmdə vəkilin ailə üzvləri, dostları, birlikdə çalışdığı şəxslər və müdafiə etdiyi adamlar onun haqqında xatirələrini bölüşüblər. Elton Quliyevin fəaliyyətindən danışanlar arasında keçmiş hakimlər də var.

Filmdən bəlli olur ki, vaxtilə Elton Quliyevin müdafiə etdiyi şəxsə hökm oxuyan hakimlərdən biri sonradan vəkil kimi ona ehtiyac duyur və müdafiəsini istəyir. 
İzolda Ağayeva 2 il ərzində ərsəyə gətirdiyi bu filmi peşəsinə və vicdanına xəyanət etməyənlərə ithaf edib.

Elton Quliyev əsasən Azərbaycan tarixindəki ictimai əhəmiyyətli, siyasi motivli məhkəmə proseslərinə müdafiəçi kimi qatılıb. 

O, keçmiş müdafiə naziri Rəhim Qazıyevin, Qarabağ qazilərinin, NİDA-çıların, o zamanlar blogerlik edən Emin Milli və Adnan Hacızadənin, araşdırmacı jurnalist Xədicə İsmayılovanın müdafiəçisi olub. Filmdə isə jurnalist bu şəxslərdən heç birini deyil, sadə vətəndaşı qəhrəman seçməklə Elton Quliyevin heç kimin arasında fərq qoymadığını göstərməyə çalışıb.

Filmdən öncə Elton Quliyev haqqında kitab da çap edilib. Kitabın müəllifi kino tənqidçisi Sevda Sultanovadır.///Meydan.tv