Kreditə görə cinayət məsuliyyətinə cəlb etmək olarmı?

Kreditə görə cinayət məsuliyyətinə cəlb etmək olarmı?

02-10-2018 14:23 / Bu xəbər 2075 dəfə oxundu

"Cinayət işləri qüvvəyə minmiş məhkəmə qətnaməsi olmadan açılır”

Son zamanlar fərdi sahibkarların və hüquqi şəxslərin rəhbərlərinin aldıqları bank kreditinə görə hüquq-mühafizə orqanlarına dəvət edildikləri söylənilir. Hətta onlara qarşı cinayət işlərinin açıldığı, bəzilərinin həbs edildiyi deyilir. Sahibkar və ya hüquqi şəxsin rəhbəri hansı hallarda kreditə görə cinayət məsuliyyətinə cəlb edilə bilər?

Bank sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov deyir ki, kreditin qaytarılmamasına görə heç kəs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Yalnız kreditin qaytarılması haqda qüvvəyə minmiş məhkəmə aktını qərəzli icra etməyən (yəni sübut edilmiş imkan ola-ola borcu ödəməyən) şəxs məsuliyyət daşıyır:

"Ancaq ödəmək imkanı yoxdursa, həmin şəxs özünü müflis elan edə bilər. Bunun üçün isə kreditor (bank) əvvəlcə məhkəmədə iddia qaldırıb qüvvəyə minmiş məhkəmə qətnaməsi əldə etməlidir. Son zamanlar açılan cinayət işləri isə qüvvəyə minmiş məhkəmə qətnaməsi olmadan açılır. Necə? Cinayət Məcəlləsində "Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə” adlı 195-ci maddə var. Borclu sahibkarlar yalnız bu maddə ilə məsuliyyətə cəlb oluna bilər”.

Hüquqşünas deyir ki, həmin maddəyə əsasən 2 növ cinayət tərkibi var:

1) Hüquqi şəxsin rəhbəri və ya fərdi sahibkar tərəfindən hüquqi şəxsin, yaxud fərdi sahibkarın təsərüffat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin alınması;

2) Hüquqi şəxsin rəhbəri və ya fərdi sahibkar tərəfindən kreditdən təyinatı üzrə istifadə edilməməsi.

Ə.Həsənov söyləyir ki, hər iki tərkibin bir vacib əlaməti var – ziyanın vurulması: "Xeyli miqdarda (100 min manatadək) olduqda 2 ilədək, külli miqdarda (100 min manatdan artıq) olduqda isə 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Hər iki halı mütləq sübut etmək lazımdır! Bu, nəinki asan deyil, əksər hallarda bank rəhbərlərini çox çətin vəziyyətə qoyur”.

Hüquqşünas deyir ki, bir çox hallarda bank bunu sübut edə bilmir. Çünki açıq-aşkardır ki, onlar da borc alanlarla ya əlbir olublar, ya da ən azı vəzifələrini vicdanla icra etməyiblər:

"Necə ola bilər ki, sahibkar peşəkar bankirə yalan məlumat versin, sonuncu da onu yoxlamadan kredit versin? Axı qanunvericiliyə əsasən, yoxlamalı idi. Və ya necə ola bilər ki, peşəkar bankir illər öncə sahibkara verdiyi kreditin təyinatı üzrə xərclənmədiyini yalnız indi bilsin? Qanunvericiliyə əsasən, kreditin istifadəsi vaxtaşırı monitorinq olunmalı idi. Mən hələ onu demirəm ki, əksər hallarda kredit müqavilələrində kreditin təyinatı qeyri-müəyyən (ümumi sözlərlə, məsələn, "dövriyyə vəsaitlərinin artırılması”) ifadə olunur. Deməli, sahibkarlarla yanaşı bankirlərə də cinayət işi açılmalıdır. Amma nədənsə hələlik, belə işlər birtərəfli (sırf sahibkarlara qarşı) xarakter daşıyır. Bu da sahibkarlara özlərini müdafiə etmək üçün geniş imkanlar açır”.

Hüquqşünas deyir ki, nəhayət, sözügedən maddədəki cinayət tərkibləri böyük ictimai təhlükə törətməyən (xeyli miqdarda ziyan vurulduqda) və ya az ağır (külli miqdarda ziyan vurulduqda) cinayətlərə aiddir: "Bu isə o deməkdir ki, Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən birinci halda şəxs cinayət məsuliyyətinə cinayətin törədildiyi gündən 2 il keçdikdə, ikinci halda isə 7 il keçdikdə cəlb edilə bilməz. Özü də həmin müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Yəni məsələn, hazırda barəsində cinayət işi açılan şəxsə dair hökm böyük ehtimalla 2019-cu ilin ortalarından tez qüvvəyə minməyəcək. Kreditlər isə illər əvvəl götürülüb, deməli, ehtimal edilən cinayət də o zaman baş verib. Birmənalı olaraq 2 ildən çox keçib, yəni 100 min manatadək məbləğlər üzrə müddət çoxdan ötüb. Əksər hallarda bu kreditlər 2012-ci ilədək götürülüb, yəni 7 il də ötüb. Bu isə o deməkdir ki, hətta 100 min manatdan çox məbləğlər üzrə də müddət ötüb. Bu isə cinayət məsuliyyətini istisna edir”.

Meydan.tv