Məhkəmələr bloklanmış saytların şikayətlərini təmin etməyib

Məhkəmələr bloklanmış saytların şikayətlərini təmin etməyib

17-09-2018 15:04 / Bu xəbər 1845 dəfə oxundu

Bakı Apellyasiya Məhkəməsində avqustda bloklanmış xural.com və az24saat.org saytlarının apellyasiya şikayəti üzrə proses keçirilib.

Əvvəlcə xural.com saytının baş redaktoru və təsisçisi Əvəz Zeynallının şikayətinə baxılıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi prosesə gəlməyib.

Hakim iş materiallarını və birinci instansiya məhkəməsinin qərarını oxuyub. Daha sonra Əvəz Zeynallıya söz verilib.

"Saytın bloklanması üçün predmet yoxdur. Bu, başqa məhkəmənin qərarına görə sizin üzərinizə məsuliyyət qoyulmasına bənzəyir. Mən saytıma qadağa qoyulmasına səbəb ola biləcək məqalə yazmamışam, biz o məqalələri başqa resurslardan götürmüşük və bu saytlara istinad qoymuşuq. Mənim yazdığım materiala gəlincə, o da tamamən mənim deyil. Mən Əli Həsənovun YNH-yə görə həbs edilmiş nəvəsinin həbsxanada "kef elədiyi" haqqında sosial şəbəkədə status yazmışdım. Bunu hamı bilirdi, həbsxanalarda qəzalara görə həbs edilmiş çox insan saxlanılır və onlar hamısı ağır vəziyyətdə saxlanılır. Amma bu, Həsənovun nəvəsinə şamil edilməyib. Mənim statusumdan saytlar xəbər kimi istifadə ediblər və mən onu "Xural"da dərc etmişəm.

Bu iş absurddur. Sizdən şikayəti təmin etməyi xahiş edirəm", - deyə Zeynallı bildirib.

Vəkil Sadıqova Zeynallını dəstəkləyərək, məhkəmədən şikayəti təmin etməyi xahiş edib.

Bundan sonra məhkəmə müşavirəyə çəkilib və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanması barədə qərar verib.

Xəyal Sarıyevin sədrlik etdiyi digər bir prosesdə az24saat.org saytının baş redaktoru Vüqar Ələkbərovun (Qurdqanlı) apellyasiya şikayətinə baxılıb.

Vəkil Zibeydə Sadıqova qeyd edib ki, yenicə bənzər işə baxılıb: "Hər iki işdə birinci instansiya məhkəməsi bizi diqqətlə dinləyib və dəlillərimizi nəzərə almayıb. Avqustun 6-dan başlayaraq, Nəqliyyat, İnformasiya və Yüksək Texnologiyalar Nazirliyi bir sıra saytların ünvanlarına bəzi materialların saytdan çıxarılması barədə bildiriş göndərib, amma gözləməli olduğu 8 saatı gözləməyərək, məhkəməyə müraciət edib.

Bütün məqalələrdə prezidentin köməkçisi Əli Həsənovun adı çəkilir və Nazirlik öz-özünə məqalələrdə böhtan olduğu qənaətinə gəlib ki, məhkəmə qərarı olmadan bu, yolverilməzdir.

Bundan başqa, nazirlik bu məqalələrə blok qoya bilərdi, amma saytların işini tamamilə məhdudlaşdırıb. Nazirlik təqsirsizlik prezumpsiyasını pozub, deyə o bildirib.

Vüqar Qurdqanlı bildirib ki, nazirlik müəyyən materialları silmək tələbi ilə elektron bildiriş göndərib. Bizim materiallarımızda böhtan və yalan yoxdur. Bizim verdiyimiz demək olar ki, bütün məlumatlar Turan İA-nın direktoru Mehman Əliyevin çıxışından çıxarışdır. Şikayəti təmin etməyinizi xahiş edirəm". Məhkəmə müşavirəyə gedib, qayıtdıqdan sonra birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlandığını elan edib.