Müsavat başqanı xalqın Müstəqillik Gününü təbrik etdi

Müsavat başqanı xalqın Müstəqillik Gününü təbrik etdi

18-10-2018 17:29 / Bu xəbər 1415 dəfə oxundu

Müsavat Partiyasının başqanı Arif Hacılı 18 Oktyabr – Milli Müstəqillik Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli həmvətənlər!

Sizi 18 Oktyabr Milli Müstəqillik Günü münasibəti ilə təbrik edir, Sizə uzun ömür, can sağlığı, işlərinizdə uğurlar arzulayıram. 18 okyabar Azərbaycanın müstəqilliyinin bərpa olunması günü tariximizin ən şərəfli səhifələrindən biridir.

18 oktyabr 1991-ci il ildə Azərbaycanın Milli Məclisi tərəfindən "Müstəqlllik Haqqında Konstitusiya Aktı”nın qəbul olundu. Bu xalqımızın istiqlal uğrunda apardığı mübarizənin məntiqi nəticəsi idi.

Ölkəmiz 1920-ci ildə itirdiyi müstəqilliyini əsrin sonunda yenidən bərpa etdi. Azərbaycanın müstəqil bir dövlət kimi BMT-yə üzv qəbul olunması ilə bağlı sənədlərdə müstəqilliyin əldə olunduğu gün kimi, məhz bu tarix göstərilir.

18 oktyabr tarixi xeyli vaxt rəsmi bayram kimi qeyd edilərək həmin gün qeyri-iş günü olsa da, hakim rejim xalqımızın müqəddəs dəyərlərinə sayğısızlıq göstərərək, əsas milli bayramımız olan 18 oktyabrı iş günü elan edib.

Əksər siyasi qüvvələrin, ziyalıların, ictimaiyyətin davamlı etirazlarına baxmayaraq, bu yanlışlıq aradan qaldırılmır. Hətta, nüfuzlu ölkələrin prezidentləri 18 oktyabr günü xalqımızı Milli Müstəqillik Günü münasibəti ilə təbrik etsələr də hakimiyyət tariximizin bu şərəfli mərhələsini unutdurmağa çalışır.

Cümhuriyyət qurucularına qarşı olan ögey münasibət, Cümhuriyyəti bərpa edənlərə qarşı da sərgilənir. Əbülfəz Elçibəyin liderliyi, Xalq Cəbhəsinin təşkilatçılığı, Azərbaycan xalqının iradəsi ilə müstəqilliyimizin bərpa olunması bütün tariximiz boyu əldə etdiyimiz ən böyük uğurlardan biridir. Açıq cəmiyyət quruculuğu uğrunda mübarizəmiz bu gün də davam edir.

Heç şübhəsiz ki, istiqlal və azadlıq ideyasını daim döşlərində gəzdirən xalqımız ölkəmizdə hüquqi dövlətin, demokratik cəmiyyətin qurulmasına nail olacaqdır.

Əsas hədəflərimiz uğrunda mübarizəmizin uğur qazanacağı gün də uzaqda deyi. Hörmətli həmvətənlər! Sizi bir daha Azərbaycanın Milli Müstəqillik Günü münasibəti ilə təbrik edir, Sizə şəxsi həyatınızda xoşbəxtlik, ailə səadəti, işlərinizdə uğurlar arzulayıram. 

Bastainfo.com