''Pambıq siyasəti kəndlilərin evin yıxıb''

''Pambıq siyasəti kəndlilərin evin yıxıb''

18-05-2018 19:32 / Bu xəbər 2888 dəfə oxundu

Kəndli: ''Qazancımız çörəkdən savayı heç nəyə yetmir''

"Otlaq sahələrinin çoxunda pambıq əkilib. İnsanlar yem dərdindən heyvanlarını satmalı olur. Boş qalan çox az sahənin icarə haqqı isə qalxıb. Bir sözlə, pambıq siyasəti kəndlilərin evin yıxıb”.

Beyləqanın Milabad kəndində təsərrüfatla məşğul olan insanlar belə deyir. Onlar əkin-biçin, heyvandarlıqdan gəlir əldə etmənin mümkün olmadığını söyləyirlər. Kənd sakinləri bildirirlər ki, sahələrin çoxunda dövlət pambıq əkdirir. Nəticədə heyvanlara otlaq sahəsi, əkinçilik üçünsə yer qalmır. Pambıqdan gələn gəlir isə qəpik-quruşdur deyirlər. Nəticədə kəndliyə əkin-biçin, heyvandarlıq, bir sözlə, kənd təsərrüfatı ilə məşğul olmaq sərf etmir.

Örüş, biçənək sahələrinə pambıq əkib, heyvandarlığı məhv ediblər

Kənd sakini Saleh Məmmədov deyir ki, əvvəl heyvan saxlayanlar yonca əkirdilər. İndi həmin sahələrin çoxuna pambıq əkilir: 

"Nəticədə insanlar heyvana verməli olduğu yemi pulla alırlar. Buna da hamının imkanı çatmır. Odur ki, heyvanı satmalı olurlar. Bununla da, həm heyvandarlıq məhv olub gedir, həm də gələcəkdə ətin qiyməti qalxa bilər. Məsələn, 3 hektar torpağı olanın cəmi 1 hektar yeri qalıb. Onunla da heyvan saxlaya bilmir. Bu dəqiqə Beyləqan kəndlərində əvvəllər sürüylə heyvan saxlayan əksər fermerin qapısında 1-2 inəyi qalıb. Onu da südünə, qatığına görə saxlayırlar”.

Yaxşı dolanırıq desək, inandırıcı olmaz

Həsən Babayev isə deyir ki, uzun müddət ticarətlə məşğul olub, mağaza işlədib. Manatın 2 dəfə devalvasiyaya uğraması onu müflis edib. Son çarəni əkinçilikdə görüb. Deyir, uzaqdan göründüyü kimi deyilmiş, indiki dövrdə təsərrüfatla məşğul olmaq çətin işmiş:

"Əvvəla, dövlət heç bir dəstək vermir. Düzü, dəstək üçün müraciət də etməmişəm. Çünki dəstək göstərdiklərini görürük, ancaq gübrədə bir balaca güzəşt var. Başqa heç nə. Öz hesabımıza nəsə əkib-becərirəm. Bəzən olur ki, qoyduğum pulu çıxara bilirəm. Bəzən də ziyanına işləyirik. İnanın, ölməmək üçün yaşayırıq. Burdan götürdüyümüz qazancımız ancaq çörəyimizə çatır. Yaxşı dolanırıq desək, inandırıcı olmaz, pis dolanırıq desək də, sual verəcəksiniz ki, onda burada nə gəzirsiniz. Başımızı qatırıq, heç nə...”.

Camaatda pul yoxdur

H.Babayev deyir ki, əslində ticarət işini davam etdirə də bilərdi. Anlayıb ki, qiymətləri qaldırsa, onsuz da əhalinin gücü çatmayacaq, nisyə istəyəcək, son nəticədə yenə müflis olacaq:

"Camaatda pul yoxdur. Hamı malı nisyə almaq istəyir. Bu da mənə sərf etmir. Nəticədə pay torpağım olmadığından, hər şeyi satıb, özümə bu yeri icarəyə götürdüm. İldə hektarına 300 manat verirəm. 3 hektardı, bu da 900 manat edir. İndi əkdiyim bu qarpızdan görün nə qədər gəlir götürməliyəm ki, həm icarəsini, həm xərcini, borcunu, həm də ailəmi dolandıra bilim”.

Kəndliyə 3 qəpik qala, ya qalmaya...

S.Məmmədov deyir, torpağın adı kəndlinin, dadı özlərinindir. Torpaq var, amma deyirlər, pambıq əkməlisən. Onun da xeyrini özləri görür:

"Necə? Deyək ki, kilosunu 50-55 qəpikdən alırlar. Onu elə edirlər ki, həmin puldan kəndliyə cəmi 3 qəpik qalır. Onun hamısı dərmana, yerə, texnika haqqına çıxılır. Yerdə kəndliyə 3-5 qəpik qala, ya qalmaya. Bir sözlə, sərf etmir”.

200 minə yaxın insan pambıqçılıqdan pul qazanır

Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ötən il 207 min ton, 2016-cı ildə 89 min ton, 2015-ci ildə isə 35 min ton pambıq yığıldığını söyləyib:

"Yəni iki il ərzində pambıq istehsalı demək olar ki, səkkiz dəfə artıb və 200 minə yaxın insan pambıqçılıq sahəsində çalışır, pul qazanır”.

2016-cı ildən başlayaraq pambıqçılığın inkişaf etdirilməsi hökumətin əsas diqqət ayırdığı sahələrdən birinə çevrilib. Hökumət bu sahəni inkişaf etdirməklə həm yeni iş yerlərinin açılmasını, həm də ölkəyə valyuta axınını artırmağı düşündüyünü bəyan edib.

Rəsmi məlumatlara görə, 2016-ci ildə Azərbaycanda 52 min 57 ha sahədə pambıq əkilib. Bu, 2015-ci ilin anoloji dövrünə nisbətən 33 min 373 hektar çox olub. 
2017-ci ildə isə rəqəm bir az da artıb. 136 min 413,2 hektar pambıq əkilib. İqtisadçı-ekspertlər dəfələrlə pambıqçılığın hazırda Azərbaycana xeyir verməyəcəyini, rentabelli olmayacağını, pambıqçılıq sahələrinin genişləndirilməsini otlaq sahələrinin hesabına baş verdiyini, son nəticədə ət istehsalının aşağı düşməsi və ətin qiymətinin artmasına səbəb olduğunu bəyan ediblər.///meydan.tv