''Pambıqçılara kömək edən polis də zəhərlənib''

''Pambıqçılara kömək edən polis də zəhərlənib''

11-06-2018 16:31 / Bu xəbər 2406 dəfə oxundu

Zəhərlənənlər arasında tibb işçilərinin də olduğu deyilir

İyunun 10-da Saatlıda pambıq tarlasında çalışan 26 nəfər işçi zəhərlənib. Onların kimyəvi dərmanlardan zəhərləndiyi bildirilir.

Bu barədə Meydan TV-yə adının açıqlanmasını istəməyən mənbə məlumat verib. Bildirib ki, onlardan bir neçəsinin vəziyyəti ağır olduğundan Bakıya göndərilib. 

İşçilər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib: "Bizim iki gəlinimiz də zəhərlənib. Birinin vəziyyəti çox ağırdır, ciyərlərinə keçib. Onlar Sabirabadın Nəsimi kəndindən Saatlının Sımada kəndinə işləməyə getmişdilər. Günü 10 manatdan fəhləlik edirdilər. Sahibkar sahələri 4 gün öncə dərmanlayıb. 15 gün girmək olmazmış. Bu barədə işçilərə heç kim məlumat verməyib. Onlar da bilmədikləri üçün işə gedib, zəhərləniblər. 21 nəfər işçidir. Onları sahədən çıxaran polis də zəhərlənib, bir də Təcili Tibbi Yardımın 4 əməkdaşı. Ümumi 26 nəfər zərər görüb".

Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev AZƏRTAC-a açıqlamasında bildirib ki, Saatlıda pambıq sahəsində baş verən zəhərlənmə hadisəsi ilə əlaqədar olaraq, müvafiq qurumların da iştirakı ilə komissiya yaradılıb: "Hazırda dəqiq diaqnoz qoyulmayıb. Ehtimal olunur ki, bu hadisə pestisid, yaxud qida zəhərlənməsindən ola bilər”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova ehtimal edir ki, zəhərlənmə sahələrə tökülən kimyəvi maddələrdən olub: "Görünür, təhlükəsizliyə riayət etməyiblər, amma dəqiq deyə bilmərəm. Başqa qurumdan soruşmağınızı tövsiyə edirəm".

Hadisə baş verən gecə Bakıdan bir qrup həkim Saatlı Rayon Mərkəzi Xəstəxanasına ezam olunub. 

Həkimlər xəstəxanada yerləşdirilən xəstələrə tibbi yardımlar göstəriblər.