Prezident xəbərdarlıq etdi, bir binanın tikintisi dayandırıldı

Prezident xəbərdarlıq etdi, bir binanın tikintisi dayandırıldı

11-07-2018 17:56 / Bu xəbər 1230 dəfə oxundu

Sakinlərin şikayətinə fərqli cavablar verilirdi

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakıdakı tikintilərdən birini dayandırıb. 

Komitədən APA-ya verilən məlumata görə, sakinlərin şikayəti əsasında Bakı şəhəri, Nəsimi rayonu, 3005-ci məhəllə, 20 Yanvar küçəsində yerləşən 22 və 24 nömrəli yaşayış binalarının arasında Abbas Həsən oğlu Hüseynov tərəfindən 5 mərtəbəli yaşayış binasının inşası üçün tikinti çalasının qazıldığı müəyyən edilib.

"BŞİH tikintiyə icazə verməyib"

Komitədən bildiriblər ki, şikayətlə bağlı araşdırma aparılıb. Məlum olub ki, tikinti üçün icazə sənədlərinin hazırlanması prosesinin başlanmasına baxmayaraq, həmin proses başa çatdırılmayıb:

"Bakı Şəhəri İcra Hakimiyyəti (BŞİH) tərəfindən sözügedən ünvanda tikintiyə icazə verilməyib. Eyni zamanda, tikintinin aparılması məqsədilə hazırlanmış ərazi planlaşdırılması sənədləri Azərbaycan Respublikasının müvafiq şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan tərtib edilib. Mövcud 22 və 24 nömrəli yaşayış binalarının sakinlərinin ümumi istifadəsində olan həyətdə yeni binanın yerləşdirilməsi layihəsində ərazinin tikinti sıxlığı yolverilən göstəricilərdən yüksək hesablanıb, həmçinin mənzillərin sayına uyğun avtomobillərin parklanma yerlərinin, ərazidə uşaq oyunları və yaşlıların istirahəti üçün meydançaların, təsərrüfat məqsədli sahələrin nəzərdə tutulması və s. ilə bağlı tələblər gözlənilməyib”.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan Respublikası Prezidentinin 24.11.2014-cü il tarixli 375 nömrəli fərmanı ilə təsdiq edilmiş "Dövlət Şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 5.1.2-ci bəndini rəhbər tutaraq, ərazidəki yeni yaşayış binasının tikintisinə icazə verilməsindən imtina edilməsi ilə bağlı icra hakimiyyətlərinə icrası məcburi olan "Göstəriş” göndərib:

"Göndərilən sənədə əsasən, hazırda həmin ünvanda tikinti məqsədləri üçün aparılan işlərin dayandırılması, habelə ərazinin əvvəlki vəziyyətinə qaytarılmasının təmin edilməsi barədə tədbirlər görülməlidir. Eyni zamanda, məsələ ilə bağlı məlumat Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə də göndərilib”.

"Narazı sakinlər hədələndiklərini deyirdilər"

Meydan TV hələ iyunun 18-də Nəsimi rayonu, 5-ci mikrorayon, 20 Yanvar küçəsi, 22 və 24 saylı binaların sakinlərinin şikayətini dərc etmişdi. Sakinlər bildirirdilər ki, bir şirkət iki binanın ortasında hündürmərtəbəli bina tikmək üçün ərazidəki ağacları kəsib və hazırda binanın özülünü qazmağa cəhd edir:

"Birinci mərhələdə ağaclara görə mübarizə apardıq, ancaq yenə də polisin, icra hakimiyyətinin dəstəyi ilə ağaclar kəsildi. Kimini polisə apardılar, kimini "sutkalıq”la hədələdilər... Nə isə, ərazini hasarlayıb ağacları kəsdilər. İndi "katlavan” qazılır. Səs-küy salırıq, çəkiliş çağırırıq, işi dayandırırlar, sakitlik olan kimi yenə davam edirlər”.

"Tikinti şirkəti razılıq aldığını deyirdi"

Prezident İlham Əliyevin sədrliyi ilə iyulun 8-də Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas keçirilib. Həmin toplantıda ölkə başçısı qanunsuz tikililəri tənqid edərək deyib ki, qanunsuz tikililərə şərait yaradan dövlət məmurları çox ciddi cəzalandırılacaqlar. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi isə məhz bu xəbərdarlıqdan sonra sakinlərin şikayətini araşdırdığı haqda məlumat yayıb. Halbuki, Meydan TV sözügedən tikinti ilə bağlı araşdırma apararkən öyrənmişdi ki, inşaatı "TFM Smart Project" MMC həyata keçirir. Şirkətin ərazidəki nümayəndəsi Meydan TV-yə bildirmişdi ki, eskiz layihəsinə görə, ərazidə 4+ mansard tipli yaşayış binası inşa ediləcək: "Ərazidə tikinti aparmaq üçün hazırlanan layihə Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi və Nəsimi Rayon İcra Hakimiyyəti ilə razılaşdırılıb. Bununla bağlı müvafiq icra hakimiyyəti tərəfindən sərəncam da verilib: Sakinlərin narazılğı varsa, buyursunlar, onların məhkəməyə müraciət etmək hüquqları var. Heç bir qanunsuzluğa yol verilməyib, tikinti aparmaq üçün bütün texniki imkanlar gözdən keçirilib və razılıq verilib”.

Şirkət əməkdaşı müxbirə sənədləri təqdim etməyib. Sakinlərsə bildirir ki, şirkət əməkdaşlarından sənəd tələb edərkən onlara bir eskiz layihəsi göstərilib. Lakin həmin sənədin nə rəsmi təsdiqi, nə də möhürü var. Ümumiyyətlə, indiyədək sakinlərə göstərilən sənədlərin heç birində möhür və imza yoxdur.

Sakinlər müxtəlif qurumlara və "prezident.az saytına müraciət ediblər. Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti bu il fevralın 6-da sakinlərə cavab məktubu göndərib. Məktubda qeyd olunub ki, kəsilmiş ağaclara görə protokol tərtib olunub və inzibati qaydada cəza tədbiri görüləcək. Bundan 10 gün sonra Nəsimi Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyindən aldıqları cavab məktubu fərqli olub. Məktubda sakinlərə bildirilib ki, prezidentin rəsmi saytına etdikləri müraciət araşdırılması üçün onlara göndərilib. Məlum olub ki, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları həyətdəki köküstə qurumuş ağacları kəsiblər, digər ağaclarda isə budama işləri aparıblar.