Putin Ermənistanın yeni baş naziri ilə görüşüb

Putin Ermənistanın yeni baş naziri ilə görüşüb

14-05-2018 17:25 / Bu xəbər 1315 dəfə oxundu

Tofiq Zülfüqarov: "Rusiya-Ermənistan əlaqələri böhran vəziyyətindədir”

Rusiyanın Soçi şəhərində mayın 14-də keçirilən Avrasiya İttifaqının sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyanın görüşü olub.

Vladimir Putin ümid etdiyini bildirib ki, Ermənistanın yeni hökumətinin dövründə Moskva və Yerevan arasında münaisbətlər əvvəlkindən daha yaxşı inkişaf edəcək:

"Ümid edirəm ki, münasibətlərimiz indiyə qədər olduğu kimi, sürətlə inkişaf edəcək. Rusiya Ermənistana regionda yaxın tərədaşı və müttəfiqi kimi baxır.

Bura iqtisadi əməkdaşlıq və təhlükəsizlik məsələləri aiddir. Ümid edirəm ki, indiyə qədər Rusiya və Ermənistanın iqtisadi əməkdaşlıq sahəsində əldə etdiyi nəticələri qoruyub saxlamağa nail olacağıq”.

Nikol Paşinyan rəsmi Moskvanın Ermənistanın daxili siyasi böhranına münasibətini konstruktiv adlandırıb. O, Rusiya prezidentini 9 may Qələbə Günü münasibəti ilə təbrik edib və Moskvada keçirilən paradda hərbi sənayenin yüksək səviyyədə olmasını qeyd edib.

Görüşün davamı bağlı qapılar arxasında keçirilib.

Tofiq Zülfüqarov

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Meydan TV-yə deyib ki, Rusiya-Ermənistan əlaqələri böhran vəziyyətindədir:

"Azərbaycan indiki böhran vəziyyətin necə inkişaf edəcəyini izləməlidir. Görüşdə diplomatik ifadələr eşitdim, amma nəticə çıxartmaq çətindir”.

Tofiq Zülfüqarov qəti qənaətdədir ki, Rusiya Cənubi Qafqazda və Ermənistanda öz nüfuzunu azaldır, fəal siyasətdən uzaqlaşır. Onun fikrincə, bu baxımdan mənasız tərəfdaşlar, xüsusən Ermənistan kimisi onlara lazım deyil.

"Söhbət ilk növbədə Rusiya ilə əlaqələrin xarakterindən gedir ki, bu da dəyişəcək. Yəni Rusiya hərbi tərəfdaşlığı əsas götürürdü və Ermənistana hərtərəfli dəstək verirdi. İndi isə əlaqələrdə iqtisadi və tranzit maraqlar üstünlük təşkil edir. Bu baxımdan Azərbaycan daha perspektivli görünür. İkinci, Rusiya daha real siyasətə keçmək məcburiyyətindədir. Qərblə münasibətlərin aşağı səviyyədə olması, iqtisadi böhran, sanksiyalar Rusiyanı realist siyasəti həyata keçirməyə məcbur edir. Bunun nəticəsində Ermənistanla əlaqələri indiki səviyyədə davam etdirmək mənasızdır. Soçi görüşü bu istiqamətdə proseslərin getdiyini göstərir və əsas hadisələrin görüşdən sonra baş verəcəyini istisna etmirəm”.