Qiyas İbrahimə kitab oxumaq qadağası qoyulub

Qiyas İbrahimə kitab oxumaq qadağası qoyulub

23-09-2018 02:15 / Bu xəbər 2577 dəfə oxundu

Nidaçı fəal 9 saat karsa salınıb

NİDA-çı fəal, siyasi məhbus Qiyas İbrahimə 2 saylı Cəzaçəkmə Müsəssisəsinin rəhbərliyi dolayı yolla kitab oxumaq qadağası qoyub.

Bu barədə Qiyas İbrahimin anası Şura Əmiraslanova məlumat yayıb.

Şura Əmiraslanova bildirir ki, hətta buna görə oğlu karsa salınıb.

O, Qiyas İbrahimin ictimaiyyətə ünvanladığı məktubu da palaşıb. Məktubda deyilir: "Bu işıqda kitab oxumaq olmaz” yazıldığını heç bir qeyddə görməmişəm. Ümumiyyətlə, belə bir qadağa yoxdur. Ancaq kitab oxuduğum belə bir vaxtda gecə yoxlamasına gələn Mehman və Rəşad adlı nəzarətçilər kitab oxumamalı, yatmalı olduğumu əmr edərək adımı qeyd etdilər. Növbəti səhər yoxlaması zamanı bu nəzarətçilər rəis müavini Şakir Qəniyevə bu haqda məruzə edərək mənim onlara tabe olmadığımı bildirdilər.

Rəis müavini heç bir əsas gətirmədən yatma rejiminə digər məhbusların yatmasına mane olduğumu söyləyib məni 9 saat müddətinə müvəqqəti karserdə göndərdi. Hansı ki heç oturmağa da yeri olmayan çirkab içində olan kameradır. Rəis müavininə növbəti etirazımda da o,səti cavab verməkdən yayındı, gecə öz yerimdə olduğum halda niyə kitab oxuya bilməyəcəyimi təsdiq edəcək tutarlı bir arqument gətirmədi".

"Dediyim kimi, belə bir əsas üçün hansısa qanuni bir qeyd onsuzda yoxdur.Belə müdaxilələr demək olar ki nəzarətçilərin məhbuslardan rüşvət qopartmaq üçün etdikləri səylərdir. Ən xırda bəhanələrlə məhbuslardan rüşvət tələb edilir.Rəis müavini isə kalonun yaxşı kitabxanası olduğunu deyir. Hansı ki günün cəmi 2 saatı açıq ola, ya olmaya. Bir sözlə, burada həbsxana rəhbərliyinin vəhşi biznes maraqlarını təmin etməyən obyekt kimi kitabxananın açıq olmasına ehtiyac da görmürlər", - Qiyas İbrahim bildirib. 

Q.İbrahimov digər gənc fəal Bayram Məmmədovla birlikdə 2016-cı il mayın 10-da Heydər Əliyevin heykəlinə şüar yazdıqdan bir gün sonra həbs olunub. Onların hər ikisi qanunsuz narkotik maddə dövriyyəsində ittiham olunaraq 10 il azadlıqdan məhrum ediliblər.

Sonradan Q.İbrahimov və atası Həsən İbrahimov haqqında yeni cinayət işi başlanıb. Onlar Cinayət Məcəlləsinin 289-cu (məhkəməyə hörmətsizlik) maddəsi ilə ittiham olunublar. 

10 il azadlıqdan məhrum edilən gənclər ittihamı rədd edir, keçmiş prezident Heydər Əliyevin heykəli üzərinə "Qul bayramınız mübarək” şüarı yazdıqlarına görə həbs olunduqlarını bildirirlər.

"Amnesty İnternational” hər iki məhkumu "vicdan məhbusu” elan edib.