Ramiz Mehdiyevə ''Şöhrət'' ordeni verildi

Ramiz Mehdiyevə ''Şöhrət'' ordeni verildi

16-04-2018 16:16 / Bu xəbər 2307 dəfə oxundu

Prezident Administrasiyasının rəhbərinin ailəsinə məxsus böyük torpaq sahələri var

Azərbaycan prezidenti İlham Əliyev aprelin 16-da Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi 80 illiyi münasibətilə "Şöhrət” ordeni ilə təltif edib. 

Məlumatı prezidentin mətbuat xidməti yayıb. Bildirilir ki, Ramiz Mehdiyev bu təltifə və onun fəaliyyətinə verdiyi yüksək qiymətə görə İlham Əliyevə minnətdarlığını bildirib.

"Sizin rəhbərliyiniz altında Azərbaycanda bütün sahələrdə çox yüksək nailiyyətlər əldə olunub. Minnətdaram”.

80 yaşlı Ramiz Mehdiyev 23 ildir ki, vəzifədədir. Onun adı 2010-cu ildə adı deputat mandatını 1 milyona satmaqda hallanıb. Beynəlxalq Universitetin rəhbəri Elşad Abdullayev onu siyasi qətllərdə də günahlandırırdı.

Ramiz Mehdiyevin ailəsi ilə bağlı Azadlıq Radiosunun araşdırmasında isə deyilir ki, onun 74 yaşlı xanımı Qalina Yuryevnanın hər ailənin orta hesabla 2-3 hektar torpaq sahəsi olan Dağın ətəyində yerləşən Goranboyun Xınalı kəndində 25 hektarlıq bağı var. Amma xanım Mehdiyevanı və ailəsini kənd təsərrüfatına təkcə bu torpaq bağlamır. Mehdiyevlər dövlətdən də yardım alır.

Kənd Təsərrüfatı Nazirliyi yanında fəaliyyət göstərən dövlət subsidiyaları üzrə Respublika Komissiyasının sənədlərinə görə, Qalina Mehdiyevanın keçmiş Maştağa subtropik bitkilər sovxozunun ərazisində 8,92 hektar, qızı – BDU-nun Sosial və pedaqoji psixologiya kafedrasının müdiri Kəmalə Əliyevanın isə 2,4 hektar bağ sahəsinin olduğunu bildirir.

Bundan başqa, ailənin mülkiyyətində Novxanıda 100 hektarlıq üzüm bağı da var. Mehdiyevlər götürdükləri gəlirdən əlavə, bu torpaq sahələrinə qulluq etdiklərinə görə hər il dövlətdən 5 566 manat yardım alırlar.

Rəsmi sənədlərə görə, Novxanı kəndində 2016-cı il ərzində bircə nəfər dövlətdən subsidiya alıb. O da Qalina Mehdiyevadır.///meydan.tv