Rektorun səfir oğlu çaxır alveri ilə məşğuldur

Rektorun səfir oğlu çaxır alveri ilə məşğuldur

11-06-2018 17:34 / Bu xəbər 3140 dəfə oxundu

Yaxud Abel Məhərrəmovun restoranlarına ispan şərabı necə gəlir?

Bakıda fəaliyyət göstərən "Mona Liza”, "Monte Kristo” kimi restoran-şadlıq evlərindəki qiymətlərdən əksəriyyət xəbərdardır. Bu restoranlarda bir nəfər üçün yerin qiyməti 100 manata yaxındır. Qiymətlərin bahalığını isə həm də orada verilən spirtli işkilərin, şərabların baha və təmiz olmasıyla əlaqələndirilər.

"Azadlıq.info”ya danışan mənbənin sözlərinə görə, bu restoranlara şərablar birbaşa İspaniyadan gətirilir. Kimin və necə gətirməsi barədə məlumat verən mənbənin sözlərinə görə, bu işdə Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmovun xüsusi xidmətləri var: "Həmin restoranlar BDU-nun rektoru Abel Məhərrəmovundur. İspaniyadakı səfir də onun oğludur. Yəni, o restoranlar onların ailə biznesidir. Anar Məhərrəmov da bu biznesə öz töhfəsini verir – İspaniyadan çaxır göndərir. Beləcə, həm onların obyektində təmiz ispan şərabı olur, həm də onlara çox ucuz başa gəlir”.

 "Azadlıq.info” onu da müəyyənləşdirib ki, elə şərab göndərilməsi ilə əlaqədar bir müddət əvvəl Anar Məhərrəmovun Azərbaycan gömrükçüləri ilə problemi yaşanıb. Bundan sonra göndərişlər üçün yaxın adamlarından istifadə olunub.

"Şərablar diplomatik möhür altında gətirilir. Bir müddət əvvəl onun yaxın adamlarından biri İspaniyadan Bakıya xeyli sayda şərab gətirəndə yolda butılkaların bir neçəsi sınıb. Onları da səfirin işçilərindən biri qablaşdırıbmış. O hadisədən az sonra başqa bir məsələni bəhanə gətirərək, həmin işçini çıxarıb”, – başqa bir mənbə bildirib.

Qablaşdırmada "xətaya” yol vermiş işçinin, həmçinin səfirin həmin vaxt şərabları gətirən yaxınının kim olması da məlumdur. Bu və başqa məsələlərlə bağlı dəqiqləşmələrdən sonra səfirin ailə biznesinə şərab töhfəsi barədə detallı bilgiləri çatdıracağıq.

Bir müddət öncə Azərbaycanın Avstraliyadakı səfirliyindəki tütün biznesi çoxlarının yadındadır. Səfir öz statusundan istifadə edərək, güzəştli qiymətlərlə tütün məhsulları alır, sonra da onların satışı həyata keçirilirmiş.

Maraqlıdır, solçuların hakimiyyətə gəldiyi İspaniyada adı korrupsiya qalmaqallarında hallanan Azərbaycan diplomatının şərab biznesinə yerli reaksiya necə olacaq. Onu da qeyd edək ki. azərbaycan hökuməti ilə korrupsiya qalmaqalına – rüşvət almaq iddialarına görə İspaniya mətbuatı Pedro Aqramuntdan əl çəkmir. İspaniyalı deputat olan Aqramunt Avropa Şurası Parlament Assambleyasının üzvü olmaqla yanaşı, bu qurumun Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi idi. Avropa Şurasında aparılan araşdırmalar nəticəsində yayılan 200 səhifəlik korrupsiya hesabatında onun da adı var. İddia olunur ki. o, Azərbaycandakı insan haqları probleminə göz yummaq, AŞPA-dakı müzakirələrdə hakimiyyəti müdafiə etmək üçün külli miqdarda rüşvət alıb. 

azadliq.info