Rus Əhmədlər dövrü

Rus Əhmədlər dövrü

21-11-2018 01:04 / Bu xəbər 2084 dəfə oxundu

Şəmşad Ağa

Erkin Qədirlinin Bakı Dövlət Universiteti (BDU) ilə bağlı statusunda bir not diqqətimi çəkdi. Məncə, burada bir az romantika da axtarmağa ehtiyac var, amma bu şəxsin özü ilə deyil, hədəfləri və missiyası ilə bağlıdır. 

İdealistlər hər zaman ideal cəmiyyət və ədalət axtarışlarını hissləri ilə axtarmağa üstünlük verirlər. Əslində rasional düşüncə də idealistlərin həqiqət axtarışlarını inkar etmir. 
Erkini tanıdığım üçün düşüncələrinə az da olsa, bələdəm. 

"Həyatımın ən xoşbəxt illəri BDU-da keçib. Üst-üstə 17 il (5 il tələbəlik + 12 il müəllimlik). Arası kəsilməsəydi, çox şey və hər kəs, özəlliklə tələbələr üçün yaxşı olacaqdı. Getdi o illər, YAP hökuməti o illəri öldürdü. Üstəlik, bu gün mən də həmin Erkin deyiləm”, - yazır Erkin Qədirli. 

Məncə də, doğru deyir. Erkin bir müəllim olaraq cəmiyyət üçün faydalı idi, sistemin çöküşə apardığı Azərbaycan təhsilində mayak idi bu adamlar. Təhsil ictimai proseslərlə birbaşa bağlı olduğu üçün "od”u qorumaq vəzifəsi birinci müəllimlərin üzərinə düşür. 

Məsələn, Almaniyada müəllimlər dövlət qulluqçusu sayılır, onlar siyasətə qarışmırlar, amma sağlam cəmiyyətin, oturuşmuş dəyərlər sisteminin əsas keşikçiləridir. Bu baxımdan Erkin kimi müəllimlər cəmiyyətin gələcəyi üçün yeni yaranacaq dəyərlərin bazisində olmalı idi. Deyəsən, bir dəfə Hüseynbala Səlimov yazmışdı ki, biz Rus Əhmədlər dövrünə qayıdırıq. 

Artıq qayıtmışıq və arxada böyük bir boşluq buraxmışıq. İndi Erkin BDU-da, məsələn, mən də hanısa bir "Göytəpə kəndi”ndə uşaqları, gələcəyimizi uçuq bir damın altına yığıb Rus Əhmədlik etməliydik. Sistem elə eybəcər bir durum yaratdı ki, hətta bir vaxtlar liberalizmin əsas təbliğatçısı olan BDU müəllimi Erkin Qədirli bəzən haqlı, bəzən də haqsız tənqidə məruz qalan millətçiyə çevrildi. 

Erkin idealistdir, onu REAListə çevirən də, siyasətə gətirən də çürük sistemin yanlışlıqları və eybəcərlikləri oldu. 

Azərbaycan belə bir ölkədir; burada insanlara seçim hüququ tanınmır, insanlar hətta seçim edərkən mühasirəni yarmağa cəhd edirlər...