Sərkisyan Seyidovla mübahisə etdi: “Heç vaxt olmayacaq”

Sərkisyan Seyidovla mübahisə etdi: “Heç vaxt olmayacaq”

25-01-2018 12:17 / Bu xəbər 4176 dəfə oxundu

Ermənistan prezidenti Serj Sərkisyan Dağlıq Qarabağın heç vaxt Azərbaycana qaytarılmayacağını deyib. 

Novator.az-ın məlumatına görə, yanvarın 24-ü Avropa Şurası Parlament Assambleyasının iclasında çıxış edən Serj Sərkisyan Qarabağ münaqişəsinə də toxunub. O deyib ki, sülh danışıqlarının qarşısında əsas maneə Azərbaycanın maksimalist və qeyri-real gözləntiləridir: "Beynəlxalq ictimaiyyət Azərbaycanı illüziyalardan qurtularaq reallığa dönməsinə kömək etsə, çox qısa müddətdə böyük uğur qazanmaq mümkündür. Bu münaqişəni həll etmək zəruridir. Münaqişə xalqlarımızın inkişafını əngəlləyir, adamlarımız həlak olur, böyük maddi ehtiyatlar itiririk”.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, AŞPA-nın vitse-prezidenti Səməd Seyidov Serj Sərkisyana sərt cavab verib. O, Ermənistan prezidentinin çıxışının yalanla dolu olduğunu, onun dünya ictimaiyyətini aldatdığını bildirib və dövlət başçısına müraciətlə deyib: "Siz Azərbaycana qarşı müharibənin lideri olmusunuz. Niyə çıxışınızda Xocalı faciəsindən danışmadınız? Ermənilər Xocalıda uşaqlar, yaşlı insanlar, qadınlar daxil olmaqla 600-dən çox insanı öldürüb. Niyə etnik təmizləmə barədə danışmadınız? Siz hazırda beynəlxalq ictimaiyyəti aldatmağa çalışırsınız. Nə bu təşkilatın, nə də digər təşkilatların qətnamələrini yerinə yetirirsiniz. BMT, Avropa İttifaqı, Avropa Şurası, digər təşkilatlar Azərbaycan torpaqlarının işğal olunduğunu bəyan edib. Siz bu təşkilatlardan heç kəsi qəbul etməyə hazır deyilsiniz”.

Səməd Seyidovun sualını cavablandıran Serj Sərkisyan Ermənistanın və ermənilərin Xocalı qırğınında heç bir rolunun olmadığını iddia edib. Ermənistan prezidenti Azərbaycanın ermənilərsiz Qarabağ arzuladığını vurğulayıb: "Siz maksimumu, mümkünsüzü – Dağlıq Qarabağı Azərbaycanın tərkibinə qaytarmağı istəyirsiniz. Bu mümkün deyil. Heç vaxt olmayacaq”.

Novator.az xatırladır ki, 1988-ci ildə başlayan Qarabağ müharibəsində Ermənistan Azərbaycanın bütün cənub-qərb bölgəsini (özünü müstəqil dövlət elan etmiş Dağlıq Qarabağ vilayətini və ətraf 7 rayonu) işğal edib. 1994-cü ildə elan olunan atəşkəsdən bəri sülh danışıqları heç bir nəticə vermir.

1954-cü ildə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində doğulan Serj Sərkisyan işğalçı müharibənin qaniçən liderlərindən biridir. 1989-cu ildən Dağlıq Qarabağ separatçılarının komandanı, 1993-cü ildən Ermənistanın müdafiə naziri olub.

1995-2008-ci illərdə Serj Sərkisyan Dövlət Təhlükəsizliyi İdarəsinin rəisi (sonradan milli təhlükəsizlik naziri), daxili işlər və milli təhlükəsizlik naziri (sonradan yenə milli təhlükəsizlik naziri), Prezident Aparatının rəhbəri, Milli Təhlükəsizlik Şurasının katibi (eyni zamanda müdafiə naziri), baş nazir kürsülərini tutub. 2008 və 2013-cü illərdə prezident seçilib.