Vəkil: Təcridxanada Babək Həsənovun hüquqları pozulur

Vəkil: Təcridxanada Babək Həsənovun hüquqları pozulur

05-07-2018 16:40 / Bu xəbər 416 dəfə oxundu

Cavad Cavadov Ədliyyə Nazirliyinə və Baş Prokurorluğa müraciət etdi

Həbsdə olan AXCP üzvü Babək Həsənovun təcridxanada hüquqlarının pozulduğu deyilir. Bununla bağlı onun vəkili Cavad Cavadov məlumat yayıb.

Vəkilin sözlərinə görə, B.Həsənova yaxınları ilə görüşməyə imkan yaradılmır:

"Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 19.6. maddəsinə əsasən həbs edilmiş şəxs yaxın qohumları və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslər ilə ayda dörd dəfə 4 saatadək müddətə ləyaqətli şəraitdə və nəzarət altında görüşmək hüququna malikdir.

Həmin Qanunun 19.7. maddəsinə əsasən, tutulmuş və ya həbs edilmiş şəxs həbs yerinə gətirildikdən dərhal sonra yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə bu barədə məlumat vermək üçün bir dəfə telefonla zəng etmək hüququna malikdir. Həbs edilmiş şəxslər həftədə iki dəfə 15 dəqiqəyədək müddətdə telefonla danışmaq hüququna malikdirlər.

Lakin ona ailəsi ilə görüşmək və zəng etmək imkanı yaradılmır. Bu məlumatı mümkün qədər ictimailəşdirmədən həll etməyə çalışsaq da, bütün müraciətlər nəticəsiz qalır. Bakı İstintaq Təcridxanasının rəhbərliyi məhdudiyyətin istintaq orqanı tərəfindən qoyulduğunu, istintaq orqanı isə heç bir məhdudiyyətin qoyulmadığını bildirir və müraciətlərimizə hələ ki, rəsmi cavab almamışıq. Mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən və Azərbaycan Respublikasının Baş Prokurorundan xahiş edirik həbs edilmiş şəxsin elementar hüquqlarının təmin edilməsi üçün tapşırıqlar verilsin”.

Mayın 26-da Respublika Prokurorluğu ilə DİN-in yaydığı birgə məlumatda deyilir ki, Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov, Eltac Əlisoy Cinayət Məcəlləsinin 192.3.2-ci (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq—üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) dörd misli miqdarında cərimə və ya beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır), 193-1.3.1-ci və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, -cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç mislindən beş mislinədək miqdarda cərimə və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.) və sair maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib. İstintaqdan gizləndiyi üçün Eltac Əlisoy barəsində axtarış elan edilib.///Meydan.tv