Vəkilin vəkillikdən uzaqlaşdırılması məsələsinə Gəncədə baxılacaq

Vəkilin vəkillikdən uzaqlaşdırılması məsələsinə Gəncədə baxılacaq

13-02-2018 21:18 / Bu xəbər 2092 dəfə oxundu

Yalçın İmanovun vəkillikdən uzaqlaşdırılması məsələsinə Gəncədə baxılacaq.

Vəkil Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi məsələsinə Gəncə İnzibati-İqtisadi Məhkəməsində baxılacaq. 

Vəkillər Kollegiyasının iddiası üzrə məhkəmənin hazırlıq iclası fevralın 21-nə təyin olunub.

Y.İmanovun vəkillik fəaliyyəti ilə bağlı məsələnin araşdırılması hakim Rəşad Məmmədova həvalə olunub.

İnzibati-iqtisadi məhkəmələr adətən inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən verilən şikayətlərə baxılır. 

Bu baxımdan, Vəkillər Kollegiyasının bu məhkəməyə müraciət etməsi Y.İmanov üçün də gözlənilməz olub. 

İmanov AzadlıqRadiosu-na belə deyib: "Əgər mən Vəkillər Kollegiyasından şikayət etsəydim, o halda, inzibati-iqtisad məhkəməsi baxmalıydı. Onlar mənimlə bağlı şikayət ediblərsə, bu işə ümumi birinci instansiya məhkəməsi baxmalıydı. Bu addımın səbəbi mənə də aydın deyil...”

Y.İmanov onu da deyir ki, hansı məhkəmənin baxmasından asılı olmayaraq, ədalətli qərar gözləmir: "Hesab edirəm ki, Vəkillər Kollegiyası sifariş əsasında mənimlə bağlı qərar verdiyi kimi, məhkəmə gələn göstərişə uyğun qətnamə çıxaracaq”.

Y.İmanov onun vəkillik fəaliyyətinə xitam verilməsi haqda Vəkillər Kollegiyası Rəyasət Heyətinin 20 noyabrda verdiyi qərarı indiyə qədər ala bilməyib. O, AzadlıqRadiosu-na bildirib ki, qərarı almaqdan ötrü kollegiyaya iki dəfə müraciət edib. Ona yalnız həmin iclasın protokolundan kiçik çıxarış göndəriblər.

Ona görə də Y.İmanov qanunvericiliyin hansı müddəasına əsasən cəzalandırılmasından indiyə qədər xəbərsiz olduğunu deyir.

Vəkillər Kollegiyası Rəyasət Heyəti ötən il noyabrın 20-də Y.İmanovun bu qurumdan xaric olunmasından ötrü məhkəməyə müraciət etmək haqda qərar qəbul edib. Məhkəmə qərar verənə qədər İmanovun vəkillik fəaliyyəti dayandırılıb.

Bu qərar avqustda Penitensiar Xidmətin rəis əvəzi olan Oqtay Məmmədovun şikayəti əsasında verilib. Məmmədov vəkilin hüquqlarını müdafiə etdiyi Abbas Hüseynovun Qobustan Qapalı Həbsxanasında işgəncəyə məruz qalması iddiası əsasında verdiyi açıqlamasına etiraz edib.

Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilən və Qobustan həbsxanasında saxlanılan A.Hüseynov vəkilinə yazılı izahatında göstərib ki, o təcridxanadan gətiriləndən dərhal sonra işgəncələrə məruz qalıb. A.Hüseynovun sözlərinə görə, həbsxananın rəisi, rəis müavini və müxtəlif əməkdaşları əllərini qandallayıb onu döyüblər.

"Məni qızmar günün altında dəmir dirəyə bağlayıb saatlarla o vəziyyətdə saxlayıblar, soxulcanlarla dolu cərimə kamerasına atıblar”, – izahatda qeyd edilib.

İşgəncə ilə bağlı deyilənləri təkzib edən ədliyyə polkovniki O.Məmmədov isə iddia edib ki, Y.İmanov hüquqlarını müdafiə etdiyi şəxsə istinadən onun işgəncəyə məruz qalması haqda məlumat yaymaqla sabitliyi pozmağa çalışıb.

"Ölkənin inkişafına qibtə edən qüvvələrin fəallaşmasına münbit şərait yaradır, Penitensiar Xidmət kollektivinin əhval-ruhiyyəsinə mənfi təsir göstərir», – deyə onun məktubunda vurğulanırdı.