Yalçın İmanov: "Vəkillər Kollegiyası rəyi saxtalaşdırıb"

Yalçın İmanov:

22-02-2018 14:52 / Bu xəbər 1652 dəfə oxundu

Vəkillər Kollegiyasını təmsil edən vəkil rəyin dəyişdirildiyini etiraf edib

Gəncə İnzibati-İqtisadi Məhkəməsində Vəkillər Kollegiyası Rəyasət Heyətinin Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsinə dair iddiası üzrə məhkəmə başlayıb. İşə hakim Rəşad Mamedovun sədrliyi ilə baxılır.

Fevralın 21-də keçirilən prosesdə Vəkillər kollegiyası Rəyasət Heyətini Bəylər Məmişov təmsil edib.

Məhkəmədə Y.İmanov bir neçə vəsatət qaldırıb. O deyib ki, məhkəmə aidiyyəti qaydalarına riayət olunmayıb, iddia baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir: "İndiyə qədərki məhkəmə təcrübəsində Vəkillər Kollegiyası Rəyasət Heyətinin bu qəbildən olan iddialarına rayon məhkəmələri baxıb. Rəyasət Heyətinin qərarı mübahisələndiriləndə o işlərə İnzibati-İqtisadi Məhkəmələr baxır. Bu halda, cavabdeh olaraq, mən fiziki şəxsəm. Belə olan halda, İnzibati-İqtisadi Məhkəməyə müraciət olunması qanunsuzdur. Mənim yaşadığım yer Sumqayıt şəhəridir. 2015-ci il yanvarın 30-dan Sumqayıt şəhər hüquq məsləhətxanasında fəaliyyət göstərirəm. Üstəlik, İnzibati Prosessual Məcəllənin ikinci maddəsində inzibati icraat qaydasında baxılan iddia növləri sadalanıb. Rəyasət Heyətinin iddiası onların heç birinə uyğun gəlmir”.

Vəsatət təmin edilməyib. Y. İmanov növbəti vəsatətində bildirib ki, Rəyasət Heyəti iddiaçı qismində çıxış edə bilməz, çünki hüquqi şəxs Vəkillər Kollegiyasıdır. İddianı da Vəkillər Kollegiyası qaldırmalıdır. Onun fikrincə, Rəyasət Heyəti tərəfindən verilmiş iddia qeyri-mümkün hesab edilməli, yaxud baxılmamış saxlanmalıdır.
B.Məmişov vəsatətə etiraz edib, hakim də vəsatəti təmin etməyib.

Y.İmanovun digər vəsatəti sənədlərin verilməsi haqda olub. O deyib ki, dəfələrlə sorğu göndərməsinə baxmayaraq, indiyədək ötən ilin avqustunda Penitensiar Xidmətin rəis əvəzi olmuş Oqtay Məmmədovun onunla bağlı şikayəti və şikayətinə mediadakı yazılardan ibarət 10 səhifəlik əlavəsi, Vəkillər Kollegiyası İntizam Komissiyasının həmin şikayətlə bağlı rəyi, vəkillik fəaliyyətinin dayandırılması haqda Rəyasət Heyətinin 20 noyabr 2017-ci il tarixli qərarı, həmin iclasın protokolu ona təqdim olunmayıb. Vəkil hesab edib ki, cavabdeh tərəf hüquqi mövqeyini müəyyənləşdirməsi üçün həmin sənədlərin surətlərini ona verməlidir.
Məlum olub ki, 20 noyabr tarixli qərar və həmin iclasın stenoqramı heç məhkəməyə də təqdim olunmayıb.

Hakim bu vəsatəti də təmin etməyib.

Daha sonra Y.İmanov Vəkillər Kollegiyası Rəyasət Heyətinin 20 noyabr 2017-ci il tarixli qərarının ləğvinə dair qarşılıqlı iddia qaldırıb. Eyni zamanda, müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizə təqdim edib. Ərizədə onun vəkillik fəaliyyətimin dərhal dayandırılması hissəsində qərarının icrasının dayandırılması xahiş olunur. Y.İmanov ərizəni belə əsaslandırıb: "Bu iş üzrə məhkəmə uzun çəkəcək. Mənim fəaliyyətimin dərhal dayandırılması qanunsuz idi. Çünki müqavilə öhdəliklərim vardı. İcraatımda olan işlər üzrə məhkəmələrə çıxmağım təmin olunmalıdır”.

B.Məmişov həm qarşılıqlı iddiaya, həm də ərizəyə etiraz edib.

Qarşılıqlı iddia ilə bağlı məsələnin müzakirəsi zamanı məhkəmədə gözlənilməz hal yaşanıb. Hakim əvvəlcə yerində müşavirə edib, qarşılıqlı iddianın icraana qəbul edilmədiyini bildirib. Daha sonra isə eyni məsələ ilə bağlı qərar vermək üçün müşavirəyə getdiyini söyləyib. Qayıdıb, yenə eyni qərarı elan edib.
Müvəqqəti xarakterli ərizəyə isə növbəti məhkəmə iclasında baxılacağını bildirib.

Bundan sonra B.Məmişov Vəkillər Kollegiyası Rəyasət Heyətinin iddiası ilə bağlı izahat verib. İzahatdan belə məlum olub ki, Vəkillər Kollegiyası İntizam Komissiyasının Y.İmanovla bağlı rəyi dəyişdirilib. Y.İmanov buna etiraz edərək, rəyin saxtalaşdırıldığını söyləyib:

"19 sentyabrda İntizam Komissiyasının rəyi mənə elan olunmuşdu. Orada yazılmışdı ki, "

Penitensiar Xidmətin şikayəti xüsusi araşdırma tələb edir. İntizam Komissiyasının belə bir araşdırma aparmaq səlahiyyəti yoxdur. Ona görə də vəkil Yalçın İmanovun hərəkətlərində intizam pozuntusu olub-olmadığını müəyyən etmək mümkün deyil”. İndiki rəydə isə yazılıb ki, guya mən "Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunu, vəkillərin davranışı haqda Əsasnaməni kobud şəkildə pozmuşam, işgəncələrlə bağlı səlahiyyətli orqanların araşdırmasını gözləmədən mətbuata açıqlama vermişəm”.

Y.İmanov iddiaçının nümayəndəsinə sual verib ki, rəy necə dəyişdirilib? B.Məmişov cavabında bildirib ki, ilkin rəy olub, sonra dəyişdirilib.

"Vəkillər Kollegiyasının Rəyasət Heyəti təkcə gerçəkdən insan hüquqlarının müdafiəsi ilə məşğul olan vəkillərin fəaliyyətini dayandırmaq, onları Kollegiyadan çıxarmaqla bağlı sifarişləri can-başla icra eləmir, həm də sənədləri saxtalaşdırmaqla, dəyişməklə məşğul olur. İddiaçının nümayəndəsinin cavabı da bunu təsdiqləyir”, - deyə Y.İmanov bildirib.

Daha sonra Y.İmanov ətraflı izahat verib. Bildirib ki, o, heç bir intizam pozuntusuna yol verməyib: "Mən Abbas Hüseynovun üzərində işgəncə izlərini özüm görmüşəm. Üstəlik, onun bu haqda yazılı izahatı var. Vəkil kimi onun pozulmuş hüquqlarını müdafiə etmək mənim borcum idi. Bu məsələ ilə əlaqədar araşdırma aparılması üçün Penitensiar Xidmətə, məhkəməyə, Ombudsman Aparatına, prokurorluğa müraciət etmişəm. Rəyasət Heyəti yazır ki, mən niyə səlahiyyətli orqanların araşdırmalarının nəticəsini gözləməmişəm? Təsəvvür edin, 9 avqustda araşdırma aparmaq üçün mən PenitensiarXidmətə müraciət emişəm, 10 avqustda Penitensiar Xidmətin rəis əvəzi işgəncə faktını ictimailəşdirdiyimə görə məndən şikayət edir. Bu da onların araşdırma aparmaq niyyətində olmadıqlarını sübut edir. Məhkəmə şikayəti icraata götürməkdən imtina etdi. Prokurorluq müraciətimə indiyədək heç bir cavab verməyib. Digər tərəfdən, vəkilin mediaya açıqlama verməsi nə vaxtdan qanuna zidd hesab olunur? Vəkilin müdafiə məqsədilə qanunla qadağan olunmayan bütün vasitələrdən istifadə hüququ nəzərdə tutulub. Rəyasət Heyəti iddia edir ki, mən açıqlama verməklə Penitensiar Xidmətin və Qobustan həbsxanasının rəhbərliyiynin işgüzar nüfuzuna ziyan vurmuşam, söz və ifadə azadlığından sui-istifadə etmişəm. Vəkillər Kollegiyası rəhbərliyinin Penitensiar Xidmətin və Qobustan həbsxanasının işgüzar nüfuzunun qayğısına qalması gülməlidir. Əgər belə bir fakt vardısa, özləri məhkəməyə müraciət edə bilərdilər. İkincisi, mənim, ümumiyyətlə, belə bir niyyətim olmayıb. Sadəcə, ortada ciddi işgəncə faktları vardı. Üçüncüsü, Cinayət Prosessual Məcəlləyə əsasən, KİV-də gedən məlumatlar cinayət işi başlanması üçün əsasdır. Buna baxmayaraq, səlahiyyətli orqanlar tərəfindən indiyədək heç bir araşdırma aparılmayıb”.

Y.İmanov çıxışının sonunda bildirib ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin onunla bağlı 20 noyabr 2017-ci il tarixli qərarı Avropa Konvensiyasının 8 (şəxsi və ailə həyatına hörmət), 10 (fikri ifadə etmək azadlığı) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələri ilə təminat verilən hüquqlarının pozulmasıdır.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin Y.İmanova qarşı iddiası üzrə məhkəmə axşam saat 20.00 radələrinə qədər çəkib. Proses martın 16-da davam edəcək.