Yəməndə 5 milyondan çox uşaq aclıqla üz-üzədir

Yəməndə 5 milyondan çox uşaq aclıqla üz-üzədir

19-09-2018 12:53 / Bu xəbər 3873 dəfə oxundu

Yəməndə 5,2 milyon uşaq aclıq riskiylə üz-üzədir. Belə bir xəbərdarlıqla "Save the Children” təşkilatı çıxış edib.

Ölkənin əsas liman şəhəri olan Hudayda ətrafında döyüşlər qızışır, ərzaq isə bahalanır.

"Bu müharibə Yəməndəki uşaqların bütöv bir nəslini məhv etmək riski yaradır. Bu uşaqlar çoxsaylı hədələrlə üz-üzədirlər – bombalardan tutmuş aclığa, xolera kimi yoluxucu xəstəliklərə qədər”, – təşkilatın rəhbəri Helle Thorning-Schmidt sentyabrın 19-da deyib.

Yəməndə münaqişə 2015-ci ildə qızışıb. İranın dəstəklədiyi şiəməzhəb husi yaraqlıları ölkənin qərbinin böyük hissəsini, o cümlədən paytaxt Sanaanı tutub.

Səudiyyənin rəhbərlik etdiyi hərbi koalisiya Yəmənə müdaxilə edib, beynəlxalq ictimaiyyətin tanıdığı prezident Abd-Rabbu Mansur Hadi hökumətini bərpa etməyə çalışıb.

Koalisiya hazırda Hudaydanın ələ keçirilməsi üçün hava zərbələrini artırıb.

Münaqişədə indiyədək 10 minədək adam öldürülüb, 55 min nəfər yaralanıb, 8, 4 milyon nəfərin aclıq həddinə yaxınlaşdığı bildirilir.